Universitetlərdə yeni dövr başlayır: Professorlardan qərarla bağlı mühüm XƏBƏRDARLIQ

Xəbər verdiyimiz kimi, ali təhsil müəssisələrinə "Tədqiqat universiteti" statusu verilməsi üçün tələblər təsdiq edilib. Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, Elm və Təhsil Nazirliyinin təklifləri əsasında ali təhsil müəssisələrinə "Tədqiqat universiteti" statusu Nazirlər Kabineti tərəfindən beş il müddətinə verilir.

Bəs bu qərarın məqsədi nədir və universitetlərdə elmin inkişafına necə təsir edəcək?

Mövzu ilə bağlı Redaktor.az-a danışan Azərbaycan, Rusiya və Türkiyənin iqtisad elmləri doktoru, professor Zahid Məmmədov bildirdi ki, ali təhsil müəssisələrinə "Tədqiqat universiteti" statusunun verilməsi ilə bağlı tələblərin yenilənməsi Azərbaycanın ali təhsil və elm siyasətində mühüm institusional dəyişikliklərdən biridir:

"Bu qərarın başlıca məqsədi universitetlərin fəaliyyətində tədrislə yanaşı, elmi tədqiqatların prioritet istiqamətə çevrilməsini təmin etmək, onların beynəlxalq elmi məkanda rəqabət qabiliyyətini yüksəltmək və universitetləri yeni biliklərin, texnologiyaların və innovasiyaların yaradıldığı mərkəzlərə çevirməkdir. Ənənəvi universitet modelində əsas diqqət biliklərin ötürülməsinə yönəlirsə, tədqiqat universiteti modelində universitet həm də yeni bilik istehsal edən, elmi nəticələri kommersiyalaşdıran, sənaye və biznes sektorunun inkişafına töhfə verən mühüm instituta çevrilir".

Professor əlavə etdi ki, müasir dövrdə universitetin nüfuzu yalnız hazırladığı məzunların sayı ilə deyil, həm də yaratdığı elmi yeniliklər, patentlər, beynəlxalq tədqiqat layihələri və cəmiyyətə verdiyi töhfələrlə ölçülür:

"Yeni tələblərə əsasən, universitetin son üç il üzrə Scopus və ya Web of Science bazalarında orta hesabla ildə ən azı 250 elmi nəşri olmalı, elmi nəşrlərin ən azı 25 faizi xarici tədqiqatçılarla birgə hazırlanmalı, magistrant və doktorantlarla birgə nəşrlərin payı isə ən azı 15 faiz təşkil etməlidir. Bundan əlavə, universitetin elmi tədqiqat xərcləri ümumi illik büdcəsinin minimum 10 faizini təşkil etməli, son beş ildə ən azı 10 patent və ya digər qeydiyyata alınmış elmi-texniki nəticəsi olmalıdır. Eyni zamanda, professor-müəllim heyətinin elmi potensialına, magistratura və doktorantura təhsilinə, elmi laboratoriyaların və tədqiqat mərkəzlərinin fəaliyyətinə də ciddi tələblər qoyulur".

Müsahibimizin fikrincə, burada ən mühüm yenilik universitetin elmi fəaliyyətinin bütöv bir sistem kimi qiymətləndirilməsidir:

"Yəni yalnız məqalələrin sayına deyil, elmi kadr hazırlığına, beynəlxalq əməkdaşlığa, tədqiqat infrastrukturuna və elmin maliyyələşdirilməsinə də diqqət yetirilir. Bu məsələ universitetlərdə inkişafa da səbəb ola bilər. İlk növbədə, universitetlər arasında sağlam elmi rəqabət formalaşa bilər. Ali təhsil müəssisələri elmi fəaliyyətin təşkili, beynəlxalq jurnallarda nəşrlər, xarici universitetlərlə əməkdaşlıq və tədqiqat layihələrinin həyata keçirilməsi istiqamətində daha fəal olacaqlar. İkinci mühüm istiqamət elmi kadrların hazırlanmasıdır. Magistrantların və doktorantların elmi tədqiqatlara cəlb edilməsi gələcək alim nəslinin formalaşmasına şərait yaradacaq. Universitetlərdə professor-müəllim heyətinin elmi potensialından daha səmərəli istifadə olunacaq".

Ekspert əlavə etdi ki, digər istiqamət elmin iqtisadiyyatla əlaqəsinin gücləndirilməsidir:

"Mən xüsusilə bu məqamı vacib hesab edirəm. Universitetlərdə aparılan elmi tədqiqatlar laboratoriyalarda və elmi məqalələrdə qalmamalı, real sektorun problemlərinin həllinə, sənayenin modernləşdirilməsinə, rəqəmsal transformasiyaya, maliyyə texnologiyalarının inkişafına və yeni istehsal sahələrinin yaradılmasına xidmət etməlidir. Məsələn, iqtisadiyyat yönümlü universitetlərdə tədqiqatlar makroiqtisadi sabitlik, bank və maliyyə sisteminin inkişafı, süni intellektin iqtisadiyyata tətbiqi, yaşıl iqtisadiyyat və rəqəmsal iqtisadiyyat kimi strateji məsələlərə istiqamətlənə bilər.

Tədqiqat universiteti olmaq yalnız Scopus və Web of Science bazalarında məqalələrin sayını artırmaq demək deyil. Elmi fəaliyyətin qiymətləndirilməsində kəmiyyət göstəriciləri ilə yanaşı, tədqiqatların keyfiyyəti, elmi yenilik, istinadların məzmunu, tətbiqi əhəmiyyəti və ölkənin sosial-iqtisadi inkişafına real töhfəsi də nəzərə alınmalıdır. Əks halda, universitetlər elmi nəticə əldə etməkdən daha çox statistik göstəriciləri yüksəltməyə üstünlük verə bilərlər. Bu isə elmin mahiyyətinə uyğun deyil".

Z.Məmmədov hesab edir ki, tədqiqat universitetlərinə yalnız yüksək tələblər qoymaq kifayət etmir:

"Onların qarşısında bu tələbləri reallaşdırmaq üçün müvafiq maliyyə, laboratoriya avadanlıqları, müasir elmi informasiya resursları, tədqiqatçıların əməkhaqqı və beynəlxalq layihələrdə iştirak imkanları da yaradılmalıdır. Xüsusilə qeyd etmək istəyirəm ki, elmi tədqiqatlara universitet büdcəsinin minimum 10 faizinin ayrılması tələbi çox vacibdir. Elm universitetin əlavə fəaliyyəti deyil, onun əsas strateji funksiyalarından biri olmalıdır.

Bu, universitetin əldə etdiyi nəticələrlə kifayətlənməməsini, elmi potensialını davamlı şəkildə inkişaf etdirməsini və müəyyən edilmiş meyarlara uyğunluğunu qorumasını tələb edir.

Nəticə etibarilə, əsas məsələ neçə universitetin bu statusu alması deyil, həmin universitetlərin ölkənin elmi potensialına, iqtisadi inkişafına və beynəlxalq akademik nüfuzuna nə dərəcədə real töhfə verməsidir.

Mənim qənaətim belədir: universitet yalnız bilik öyrədən deyil, həm də yeni bilik yaradan, onu texnologiyaya, innovasiyaya və iqtisadi dəyərə çevirən institut olmalıdır. Tədqiqat universiteti modelinin əsas fəlsəfəsi də məhz bundan ibarətdir".

Azərbaycan Dillər Universitetinin (ADU) professoru, filologiya elmləri doktoru Vüsalə Ağabəyli isə bildirdi ki, "Tədqiqat universiteti" statusunun təsis edilməsi Azərbaycan ali təhsil sistemində elmin inkişafı, universitetlərin elmi potensialının gücləndirilməsi və beynəlxalq rəqabət qabiliyyətinin artırılması istiqamətində mühüm addım hesab edilməlidir:

"Düşünürəm ki, bu qərarın əsas məqsədi ali təhsil müəssisələrində tədris və elmi tədqiqat fəaliyyətinin daha sıx inteqrasiyasına nail olmaq, elmi potensialı yüksək olan universitetləri stimullaşdırmaq, fundamental və tətbiqi tədqiqatların inkişafına şərait yaratmaqdır. Çünki elm təhsildən kənarda inkişaf edə bilməz, yayıla bilməz. Əgər hansısa elmi araşdırma praktikaya, tədrisə tətbiq olunmursa, onun elmi nəticəsi uğursuz hesab edilir və həmin elmi tədqiqatın da faydası şübhə altına düşür. Artıq universitetlər yalnız bilik ötürən təhsil müəssisələri kimi deyil, yeni bilik və innovasiyalar yaradan, elmi nəticələri cəmiyyətin və iqtisadiyyatın inkişafına yönəldən mərkəzlər kimi formalaşır".

Müsahibimiz qeyd etdi ki, qərarda diqqət çəkən əsas məqamlardan biri elmi fəaliyyətin konkret və ölçülə bilən göstəricilər əsasında qiymətləndirilməsidir:

"Belə ki, universitetlərin son üç ildə Scopus və ya Web of Science bazalarında indekslənən nəşrlərinin orta illik sayının artırılması, hər müəllimə düşən məqalə və istinad göstəriciləri, xarici tədqiqatçılarla birgə nəşrlər, magistr və doktorantların elmi fəaliyyətə cəlb olunması, elmi tədqiqatlara ayrılan maliyyə vəsaitinin həcmi kimi meyarlar mühüm məsələlərdir. Əslində, bu yanaşma universitetləri daha sistemli elmi fəaliyyətə, beynəlxalq əməkdaşlığa və tədqiqat nəticələrinin keyfiyyətinin yüksəldilməsinə təşviq edə bilər. Lakin burada mənim xüsusi vurğulamaq istədiyim bir məsələ var. Elmi fəaliyyətin qiymətləndirilməsi zamanı bütün elm sahələrinin spesifik xüsusiyyətləri nəzərə alınmalıdır. Xüsusilə humanitar və ictimai elmlərin tədqiqat ənənələri, elmi nəticələrin təqdim olunma formaları və beynəlxalq nəşr imkanları texniki və təbiət elmlərindən müəyyən dərəcədə fərqlənir".

Professor hesab edir ki, Scopus və Web of Science beynəlxalq elmi nüfuz və tanınma baxımından mühüm bazalardır:

"Lakin unutmaq olmaz ki, humanitar elmlər üzrə tədqiqatların əhəmiyyətli bir hissəsi monoqrafiyalarda, elmi kitablarda, tematik toplularda və sahəvi beynəlxalq jurnallarda nəşr olunur. Bu baxımdan, humanitar və sosial elmlər üçün mühüm indeksləmə platformalarından biri olan ERIH PLUS-un da qiymətləndirmə sistemində əlavə göstərici kimi nəzərə alınmasını məqsədəuyğun hesab edirəm. Əlbəttə, bu, Scopus və Web of Science meyarlarının əvəzlənməsi deyil, elmi fəaliyyətin daha əhatəli və sahələr üzrə ədalətli qiymətləndirilməsi təklifidir. Məsələn, dilçilik, ədəbiyyatşünaslıq, tarix, fəlsəfə, mədəniyyətşünaslıq kimi istiqamətlərdə fundamental monoqrafiyalar, elmi nəşrlər, lüğətlər, mətn korpusları, milli-mədəni irsin araşdırılması və beynəlxalq elmi nəşrlərdə iştirak da mühüm elmi nəticələr hesab edilməlidir. Universitetin elmi potensialı yalnız məqalələrin və istinadların sayı ilə məhdudlaşdırılmamalıdır. Burada elmi tədqiqatın məzmunu, yeniliyi, nəzəri və praktiki əhəmiyyəti də diqqətdə saxlanılmalıdır".

Elmlər doktorunun fikrincə, digər mühüm məsələ elmi nəşrlərin keyfiyyətidir:

"Scopus və Web of Science bazalarında indekslənmə özü-özlüyündə hər bir məqalənin yüksək elmi keyfiyyətə malik olduğunu göstərmir. Bunu İT mütəxəssisləri də təsdiqləyə bilər ki, xüsusi bazalar və H-indeksin artması da müvafiq alqoritmlər üzrə həyata keçirilir. Yəni hər hansı bir müəllim həm elmi tədqiqatla, həm tədrislə, həm də tələbələrin sosial maarifləndirilməsi üçün tədbirlərlə məşğul olarkən bu cür alqoritmləri də tənzimləmək iqtidarında deyil. Buna görə də universitetlərdə nəşrlərin sayının artırılması ilə yanaşı, tədqiqatların elmi yeniliyi, metodoloji əsaslandırılması və real elmi töhfəsi də qiymətləndirilməlidir. Əks halda, kəmiyyət göstəricilərinin ön plana keçməsi formal nəşr fəaliyyətinə gətirib çıxara bilər. Əlbəttə ki, beş il müddətinə statusun verilməsi və fəaliyyətin müəyyən meyarlar əsasında qiymətləndirilməsi universitetlərdə sağlam rəqabət mühitinin formalaşmasına xidmət edə bilər. Bununla yanaşı, tədqiqat universiteti olmaq üçün yalnız yüksək nəşr göstəriciləri kifayət deyil. Bunun üçün ETN tərəfindən universitetlərdə elmi tədqiqatlara real maliyyə dəstəyi, müasir infrastruktur, akademik azadlıq, gənc tədqiqatçıların yetişdirilməsi, doktorantura sisteminin inkişafı və beynəlxalq elmi əməkdaşlıq üçün davamlı imkanlar yaradılmalıdır".

V.Ağabəyli hesab edir ki, bu qərarın ən mühüm nəticələrindən biri elmin universitet fəaliyyətində ikinci dərəcəli istiqamət olmaqdan çıxaraq onun əsas inkişaf prioritetinə çevrilməsi olmalıdır:

"Xüsusilə gənc alimlərin elmi fəaliyyətə cəlb edilməsi, professor-müəllim heyətinin tədqiqat imkanlarının genişləndirilməsi və elmi nəticələrin beynəlxalq elmi dövriyyəyə daxil edilməsi baxımından bu mexanizm əhəmiyyətli rol oynaya bilər. Müsbət haldır ki, "Tədqiqat universiteti" statusunun verilməsi Azərbaycan ali təhsilində yeni inkişaf mərhələsinin başlanğıcı ola bilər. Lakin bu prosesdə əsas məqsəd, qeyd etdiyim kimi, universitetlər arasında sadəcə göstəricilər üzrə rəqabət yaratmaq deyil, real elmi nəticələrə, keyfiyyətli tədqiqatlara və davamlı elmi mühitə nail olmaqdır. İnanıram ki, elmi fəaliyyətin sahə xüsusiyyətlərini nəzərə alan, obyektiv və ədalətli qiymətləndirmə mexanizmi tətbiq edilərsə, bu qərar ölkəmizdə universitet elminin inkişafına və Azərbaycan alimlərinin beynəlxalq elmi məkanda daha geniş təmsil olunmasına şərait yaradar".

Yazı Media və Yayım Şurasının maliyyə dəstəyi ilə "elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması" mövzusunda dərc olunub.