Abel Məhərrəmov Məleykə Abbaszadədən danışdı: “Tale elə gətirib ki...”

"Məleykə xanımı ciddi mövqeyi, tələbkarlığı, işə münasibəti və prinsipiallığı ilə seçilən insandır.

Bakı Dövlət Universitetinin sabiq rektoru Abel Məhərrəmov Dövlət İmtahan Mərkəzinin (DİM) rəhbəri Məleykə Abbaszadənin universitetə rektor təyin olunması ilə bağlı News24.az-a fikirlərini bölüşüb.

O, qeyd edib ki, Məleykə Abbaszadə təhsildə öz dəsti-xətti, öz mövqeyi olan insandır:

"Prezident qərar verib, sərəncam imzalanıb. Bu, müzakirə mövzusu deyil. Mən bu təyinatı təhsilin içindən gələn insan kimi təqdir edirəm".

"O, elmin, təhsilin dəyərini, bu sahədə məsuliyyətin nə demək olduğunu yaxşı bilir. Dövlət İmtahan Mərkəzində uzun illər fəaliyyəti, ali məktəblərə qəbul prosesində yaratdığı sistem, gördüyü işlər bütövlükdə cəmiyyət tərəfindən qəbul olunub və ona ciddi etimad qazandırıb" - deyə A. Məhərrəmov bildirib.

Sabiq rektor yeni rektorla birlikdə çalışdığını və onu yaxından tanıdığını bildirib:

"Tale elə gətirib ki, Məleykə xanımla uzun müddət birgə əməkdaşlıq etmişik. Onu yaxından tanıdığıma görə deyə bilərəm ki, ciddi mövqeyi, tələbkarlığı, işə münasibəti və prinsipiallığı ilə seçilən insandır. O, hər zaman işini bilənləri, işinə sevgi ilə yanaşanları, zəhməti və peşəkarlığı müsbət qiymətləndirib".

"Əminəm ki, Məleykə xanım Bakı Dövlət Universitetində də öz iş prinsipini davam etdirəcək. Universitet kollektivinin sevgisini və etimadını qazanacaq. Müəllimlərin, tələbələrin onun fəaliyyətindən razı qalacağına inanıram" - sonda Abel Məhərrəmov bildirib./modern.az