Noyabrın 19-da elm və təhsil naziri Emin Əmrullayev Bakı Dövlət Universitetinin (BDU) yeni rektoru Məleykə Abbaszadəni universitetin kollektivinə təqdim edib.
Təqdimat mərasimində çıxış edən elm və təhsil naziri Emin Əmrullayev Bakı Dövlət Universitetinin Azərbaycanın ali təhsil sistemindəki xüsusi mövqeyini və ölkənin elmi-pedaqoji potensialının formalaşmasında rolunu vurğulayıb. Nazir universitetin zəngin ənənələrinin qorunması ilə yanaşı, müasir dövrün çağırışlarına uyğun inkişafının, elmi tədqiqatların genişləndirilməsinin, tədrisin keyfiyyətinin yüksəldilməsinin və beynəlxalq akademik əməkdaşlığın gücləndirilməsinin əhəmiyyətini qeyd edib.
Eyni zamanda, nazir Bakı Dövlət Universitetinin əvvəlki rektoru Elçin Babayevə rəhbərliyi dövründə universitetin inkişafı istiqamətində gördüyü işlərə və fəaliyyətinə görə təşəkkürünü bildirib.
Emin Əmrullayev Məleykə Abbaszadənin uzun illər ərzində təhsil sahəsində, xüsusilə təhsildə qiymətləndirmə və keyfiyyətin təmin olunması istiqamətində fəaliyyətini, bu sahədə qazandığı təcrübəni qeyd edib, ona yeni vəzifəsində uğurlar arzulayıb. Nazir universitetin gələcək inkişafında mövcud potensialdan səmərəli istifadə edilməsinin, kollektivin birgə fəaliyyətinin və akademik mühitin daha da gücləndirilməsinin əhəmiyyətini vurğulayıb.
Məleykə Abbaszadə öz növbəsində göstərilən etimada görə təşəkkürünü bildirib.
Təqdimat mərasimində universitetin professor-müəllim heyəti və struktur bölmələrinin rəhbərləri iştirak ediblər.