İctimai nəqliyyatda tələbələrə güzəşt məsələsi gündəmdə

Ali məktəb tələbələri üçün təhsil yolunda əsas xərclərdən biri də ictimai nəqliyyatdır.

Bakı Dövlət Universitetinin tələbəsi Aysun Vüqar bildirir ki, universitetə, kurslara və təlimlərə gedib-gəlmək gündəlik nəqliyyat xərclərini artırır.

Gün ərzində təxminən 3 manat 60 qəpik yol puluna xərcləyən tələbə üçün bu məbləğ, xüsusilə 160 manat təqaüd aldığı halda, ciddi maliyyə yükünə çevrilir. Bəzən kartında balans olmadığından yolun bir hissəsini piyada getməli olur.

Dünyanın bir sıra ölkələrində tələbələr ictimai nəqliyyatdan pulsuz və ya güzəştli tariflərlə istifadə edirlər. Türkiyənin bəzi şəhərlərində isə tələbələrə gediş haqqı üzrə 40-60 faizədək endirim tətbiq olunur. Azərbaycanda da tələbələrin nəqliyyat xərclərini azaltmaq məqsədilə TələbəPlus kartı ilə metro və avtobus ödənişlərinə 10 faiz bonus hesablanır. Bu imkan həm fiziki kart, həm də QR bilet vasitəsilə ödənişlərə şamil edilir.

Bununla belə, tələbələrin gündəlik nəqliyyat xərclərinin azaldılması məsələsi aktuallığını qoruyur. Bir çox tələbə yol pulunu məhdud təqaüdü və ya ailə büdcəsi hesabına ödəyir. Daha geniş güzəştli tariflərin tətbiqi isə onların maliyyə yükünün azaldılmasına dəstək ola bilər.

Ətraflı "İctimai TV"-nin videomaterialında: