Alzheimer xəstəliyinin gizli təhlükəsi: Əlamətlər üzə çıxanda gec ola bilər

Alzheimer xəstəliyi bəzi insanlarda uzun müddət heç bir əlamət vermədən inkişaf edə bilər. Bu müddətdə beyində xəstəliyə xas zülallar toplanır, neyronlar isə məhv olmağa davam edir. Alimlər xəbərdarlıq edirlər ki, yaddaş problemlərinin gec üzə çıxması xəstəliyin dayanması demək deyil.

Bu barədə neyroimmunoloq Elefteriya Kodosaki “The Conversation” nəşrinə danışıb.

Məlumata görə, demensiya əlamətləri olmadan vəfat edən yaşlı insanların təxminən üçdə birinin beynində ölümündən sonra Alzheimer xəstəliyinə xas dəyişikliklər aşkarlanır. Bu isə beyindəki patoloji proseslərin hər zaman düşünmə qabiliyyətinin nəzərəçarpacaq dərəcədə zəifləməsi ilə müşayiət olunmadığını göstərir.

Beyin xəstəliyi necə gizlədir?

Tədqiqatçılar bu davamlılığın iki mexanizmini müəyyən ediblər. Birinci halda Alzheimer üçün xarakterik olan amiloid və tau zülalları toplansa da, neyronlar ciddi zədələnmir. İkinci halda isə beyin hüceyrələri məhv olur, lakin insan normal düşünmək qabiliyyətini uzun müddət qoruyub saxlayır və ya koqnitiv pozuntular çox yavaş inkişaf edir.

Təhsilin və zehni fəaliyyətin rolu

Alimlər ikinci mexanizmin səbəblərindən birini koqnitiv ehtiyatla əlaqələndirirlər. Bu, beynin zədələnmələri kompensasiya etmək və gündəlik tapşırıqları yerinə yetirmək üçün alternativ yollar tapmaq qabiliyyətidir.

Koqnitiv ehtiyat insanın həyatı boyu formalaşır və xüsusilə təhsil, zehni fəaliyyət kimi amillərdən asılıdır. Bu ehtiyatı yüksək olan insanlar xəstəlik irəliləsə belə, düşünmə qabiliyyətini daha uzun müddət qoruya bilirlər.

Əlamətlər üzə çıxanda vəziyyət ağırlaşa bilər

Lakin bu qoruyucu mexanizmin mənfi tərəfi də var. Alimin sözlərinə görə, simptomlar yalnız beyindəki zədələnmələr ciddi həddə çatdıqdan sonra üzə çıxa bilər. Bu isə xəstəliyin erkən diaqnostikasını çətinləşdirir və müalicəyə ən effektiv mərhələdə başlamaq imkanını məhdudlaşdıra bilər.

Mütəxəssis xəbərdarlıq edib ki, simptomlar yarandıqdan sonra vəziyyətin pisləşməsi bəzən daha sürətlə gedə bilər.

Bundan başqa, koqnitiv ehtiyat dərmanların sınaqlarını da çətinləşdirir. Belə ki, bu ehtiyatı yüksək olan insanlar dərman və ya plasebo qəbul etmələrindən asılı olmayaraq, zehni qabiliyyətlərini daha yavaş itirə bilərlər. Bu da preparatların real effektivliyini qiymətləndirməyi çətinləşdirir.