Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Vətəndaş Hüquqları” İnstitutunun rəhbəri Bəşir Süleymanlının cinayət işi üzrə hökm elan olunub.
Hakim Vüqar Seyidovun sədrliyi ilə keçirilən prosesdə Bəşir Süleymanlı 1 il müddətinə müəyyən vəzifələri tutmaq hüququndan məhrum edilməklə 7 il 6 ay azadlıqdan məhrum olunub.
Qeyd edək ki, dövlət ittihamçısı əvvəlki prosesdə təqsirləndirilən şəxsin 3 il müddətinə müəyyən vəzifələri tutmaq hüququndan məhrum edilməsini və 9 il azadlıqdan məhrum olunmasını istəmişdi.
İttihama əsasən, Bəşir Süleymanlı ABŞ-ın German Marshall Fund (Alman Marşall Fondu) və digər fondlarından sosial layihələrin həyata keçirilməsi üçün ayrılmış ümumilikdə 148 min manatdan artıq qrant vəsaitini mənimsəməkdə təqsirləndirilib.
İstintaqın versiyasına görə, o, fondun Azərbaycan üzrə məsləhətçisi Mehriban Rəhimli və digər şəxslərlə cinayət əlaqəsinə girərək vəzifə səlahiyyətlərindən sui-istifadə edib, alınmış qrantlarla bağlı müvafiq dövlət qurumlarına məlumat verməyib.
Bəşir Süleymanlı məhkəmədə özünü təqsirli bilməyib.
Xatırladaq ki, Bəşir Süleymanlı bu ilin martında saxlanılıb. Ona Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması), 308.2-ci (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.
Binəqədi Rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.
Məlumat üçün bildirək ki, Baş Prokurorluğun İstintaq İdarəsində Azərbaycanda fəaliyyət göstərən bir sıra qeyri-hökumət təşkilatlarının fəaliyyəti ilə bağlı cinayət işi başlanılıb.
Həmin iş çərçivəsində “İştirak Evi” MMC-nin təsisçisi və direktoru Məmməd Alpay (Məmmədzadə), Sosial Hüquqlar Mərkəzinin rəhbəri Sübhan Həsənli və digər şəxslər də təqsirləndirilən şəxs qismində cəlb olunublar.
Məmməd Alpay barəsində həbs qətimkan tədbiri seçilib, Sübhan Həsənli isə istintaqdan yayındığı üçün axtarışa verilib.
Bundan başqa, “Hüquq və İnkişaf” İctimai Birliyinin rəhbəri Hafiz Həsənov barəsində ev dustaqlığı qətimkan tədbiri seçildiyi bildirilib.
Cinayət işi çərçivəsində Gəncə Regional İcma Mərkəzinin rəhbəri Asəf Əhmədov, hüquq müdafiəçisi Zamin Zəki və Əhməd Abbas oğlu Məmmədzadə də həbs olunublar.