NASA-nın Marsda tədqiqatlar aparan "Curiosity" aparatı "Nazca" adlı bölgədə qeyri-adi kristal birləşmələr qeydə alıb.
Süxur qatlarında aşkarlanan nazik, qıvrımlı və diskşəkilli bu strukturlar görünüşünə görə kartof çipsini xatırladır.
Alimlər gizli qalan bu təbiət hadisəsinin kimyəvi tərkibini və yaranma mexanizmini müəyyənləşdirmək üçün bir neçə üsuldan istifadə ediblər.
Aparatın robotik qolundakı "MAHLI" kamerası açıq rəngli və qeyri-müntəzəm formalı kristalların detallı fotolarını çəkib.
Həmçinin gecə saatlarında ağ və ultrabənövşəyi LED işıqlandırma altında əlavə görüntülərin alınması planlaşdırılır.
Götürülən süxur nümunələri aparatın daxilindəki SAM analiz sisteminə ötürülüb.
Tədqiqatçıların əsas məqsədi bu kristalların hansı geoloji və ya ətraf mühit şəraitində formalaşdığını aydınlaşdırmaqdır.
Kəşfin Marsın keçmişindəki su mövcudluğu və geoloji tarixi barədə yeni məlumatlar verəcəyi gözlənilir.