Ürək sağlamlığını qoruyan qidaların adları açıqlanıb

Dietoloq Lusiana Lança ürəyin sağlamlığını yaxşılaşdırmaq üçün gündəlik qida rasionuna bir sıra məhsulların daxil edilməsini tövsiyə edib.

Mütəxəssisin sözlərinə görə, kartof, avokado, ispanaq, banan, lobya və kokos suyu ürək sağlamlığına müsbət təsir göstərir.

Dietoloq bildirib ki, kaliumla zəngin qidaların istehlakı və natriumun məhdudlaşdırılması ürək-damar sisteminin fəaliyyətinə faydalıdır.

Onun sözlərinə görə, kalium əzələlərin yığılması, ürəyin fəaliyyəti və qan təzyiqinin tənzimlənməsində mühüm rol oynayır. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) böyüklərə gündə ən azı 3 510 milliqram kalium qəbul etməyi tövsiyə edir.

Bununla belə, mütəxəssis kaliuma olan ehtiyacın fərdi xüsusiyyətlərdən asılı olaraq dəyişdiyini vurğulayıb. Böyrək xəstəlikləri olan və ya müəyyən dərmanlar qəbul edən şəxslərin bu mineralın miqdarı ilə bağlı həkim məsləhəti alması vacibdir.