Bakı, 19 noyabr, AZƏRTAC Bu gün reklamların böyük hissəsi xarici dildədir. Dövlət Reklam Agentliyi olaraq heç bir sahibkarın marketinq və PR siyasətinə müdaxilə etmək fikrimiz yoxdur. Sadəcə istəyirik ki, Azərbaycan dili öz mövqeyini möhkəmləndirsin. Buna görə də bu istiqamətdə müvafiq işlər aparırıq.AZƏRTAC xəbər verir ki, bunu Dövlət Reklam Agentliyinin İdarə Heyəti sədrinin müavini Lalə Abdullayeva Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə keçirilən Dövlət-Biznes Əməkdaşlığı Forumunda “İşəgötürənlərin gözləntiləri, dövlət dəstəyi və əməkdaşlıq imkanları” adlı panel sessiyada çıxış edərkən deyib.“Sahibkarlarla tövsiyə xarakterli danışıqlar aparırıq. Bildiririk ki, obyektin adı ingilis və ya digər xarici dildədirsə, yanında Azərbaycan dilində fəaliyyət istiqamətini bildirən yazı da əlavə olunsun. Məsələn, restoranın adı Çin dilindədirsə, onun mənasını başa düşmürük. Ona görə də tövsiyə edirik ki, həmin obyektin restoran olduğu Azərbaycan dilində qeyd edilsin. Bir neçə dövlət qurumu ilə də bu barədə görüşlər keçirmişik. Elə hallar olur ki, sahibkar vergi xidmətindən qeydiyyatdan keçir, öz adına əmtəə nişanı müəyyən edir və bundan sonra açıq məkanda, obyektin üzərində reklam yerləşdirmək istəyir. Bu zaman biz çətinliklə üzləşirik. Sahibkarlar Dövlət Reklam Agentliyinə müraciət etmədən reklam yayımlayır, bizdən ilkin məsləhət almadıqlarına görə sonradan problemlər yaşayırlar. Biz çalışırıq ki, aqressiv müdaxilə etməyək, yəni dərhal cərimə tətbiq etməyək, onları görüşlərə dəvət edək. Qanunvericilikdə də göstərilib ki, reklam hansı dildə olursa-olsun, əvvəlcə Azərbaycan dilində olmalıdır”, – deyə sədr müavini vurğulayıb. Müxbir - Günel Türksoy Fotoqraf - Nicat Haşimov Videooperator - Ceyhun Mustafayev