Dövlət qulluqçuları süni intellekt alətlərinə dövlət və peşə sirri təşkil edən məlumatları daxil etməməlidirlər

Dövlət qulluqçuları süni intellekt alətlərindən istifadə zamanı dövlət sirri, fərdi məlumatlar və peşə sirri təşkil edən məlumatların qorunmasına xüsusi diqqət yetirməlidirlər. Belə məlumatların süni intellekt platformalarına daxil edilməsi mövcud qanunvericiliyin tələblərinə ziddir.

Trend-ə istinadən, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Kamal Cəfərov cümə axşamı Bakıda Kiberdiplomatiya üzrə II Beynəlxalq Konfrans çərçivəsində baş tutan "Süni intellekt dövründə xarici siyasət: Diplomatiya üçün yeni qaydaların müəyyənləşdirilməsi" adlı paneldə çıxışı zamanı deyib.

Deputat bildirib ki, rəqəmsal inkişaf Azərbaycanda dövlət siyasətinin əsas prioritetlərindən biridir.

Onun sözlərinə görə, süni intellekt həm yeni imkanlar, həm də yeni təhdidlər yaradır. Buna görə də yaranan çağırışlara, xüsusilə kibertəhlükəsizlik və informasiya təhlükəsizliyi ilə bağlı risklərə cavab verməyə hazır olmaq lazımdır.

Deputat hesab edir ki, Kiberdiplomatiya üzrə II Beynəlxalq Konfrans da məhz bu missiyanın həyata keçirilməsinə xidmət edir.

K.Cəfərov süni intellektin xarici siyasətə üç əsas istiqamətdə təsir göstərdiyini qeyd edib.

Birinci istiqamətin süni intellektin diplomatiyada alət kimi istifadəsi olduğunu deyən deputat bildirib ki, nazirlər və diplomatlar bu texnologiyadan müxtəlif dillərdə medianın monitorinqi, danışıqların mətnlərinin ümumiləşdirilməsi və çıxış layihələrinin hazırlanması üçün istifadə edə bilərlər.

O qeyd edib ki, süni intellekt hətta kiçik diplomatik nümayəndəliklərə də böyük üstünlük qazandıra bilər.

İkinci istiqamətin süni intellektin diplomatiyanın obyekti olması ilə bağlı olduğunu bildirən K.Cəfərov bu sahədə beynəlxalq və regional səviyyədə müzakirələrin aparıldığını diqqətə çatdırıb.

O, BMT çərçivəsində süni intellektin idarə edilməsi üzrə qlobal dialoqun aparıldığını, regional səviyyədə isə Avropa Şurasının qəbul etdiyi müvafiq konvensiyanın mövcud olduğunu xatırladıb.

Deputat süni intellektin xarici siyasətə təsirinin üçüncü istiqamətini isə təhdidlərlə əlaqələndirib. Bu kontekstdə paneldə digər iştirakçıların da deepfake bəyanatları və sintetik zənglərlə bağlı məsələləri gündəmə gətirdiyini bildirib.

K.Cəfərov qanunverici, süni intellektin idarə edilməsi üzrə mütəxəssis və təlimçi kimi yeni qaydaların necə formalaşdırılmalı olduğuna dair mövqeyini də açıqlayıb.

Onun fikrincə, ilk növbədə süni intellekt alətlərindən etik və məsuliyyətli şəkildə istifadə edilməlidir.

Deputat bildirib ki, son üç-dörd ay ərzində bu mövzuda 1 000-dən çox dövlət qulluqçusuna təlim keçib. Təlimlər zamanı üzə çıxan əsas problemlərdən biri məlumatların qorunması ilə bağlıdır.

"Təəssüf ki, bəzi dövlət qulluqçuları süni intellektə həssas, bəzən də dövlət və ya peşə sirri təşkil edən məlumatları daxil edirlər", - deyə o qeyd edib.

K.Cəfərovun sözlərinə görə, bəzi dövlət qulluqçuları süni intellektdən istifadəni və onun etik tətbiqini tənzimləyən xüsusi qanunun olmadığını əsas gətirərək istənilən məlumatı bu platformalara daxil edə biləcəklərini düşünürlər.

Lakin deputat vurğulayıb ki, dövlət sirri, fərdi məlumatlar və peşə sirri ilə bağlı artıq qüvvədə olan xüsusi qanunvericilik normaları mövcuddur və həmin normalar belə məlumatların süni intellekt alətlərinə daxil edilməsini qadağan edir.

O, süni intellekt platformalarının ödənişli versiyalarından istifadə ilə bağlı yanlış təsəvvürlərə də diqqət çəkib.

K.Cəfərov bildirib ki, istifadəçilərin bir qismi "Claude", "ChatGPT" və "Gemini" platformalarının ödənişli versiyalarından istifadə etdikdə məlumatlarının daha yaxşı qorunduğunu düşünür.

"İstifadəçilərdə belə bir yanlış təsəvvür var ki, "Pro" və ya "Max" versiyasından istifadə edirlərsə, daha yaxşı qorunurlar", - deyə deputat bildirib.

O qeyd edib ki, istifadəçilərin əksəriyyəti platformaların məxfilik siyasətini oxumur.

Deputatın sözlərinə görə, fərdi istifadəçilər üçün nəzərdə tutulan məxfilik siyasəti ödənişli fərdi versiyalarda da eyni qalır. Bununla yanaşı, korporativ istifadəçilər üçün nəzərdə tutulan "Enterprise" versiyasında fərqli hüquqi rejim və məlumatların ötürülməsi ilə bağlı başqa qaydalar tətbiq olunur.

K.Cəfərov süni intellektdən istifadə zamanı yalnız ödənişli abunəliyin mövcudluğuna əsaslanaraq məlumatların təhlükəsizliyinə təminat verildiyini düşünməyin düzgün olmadığını diqqətə çatdırıb.