Azərbaycanlılarla İraq türkmanlarını ortaq dil, tarixi köklər və mədəni irs birləşdirir.
Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) xüsusi tapşırıqlar üzrə səfiri Elşad İsgəndərov “Azərbaycan və İraq türkmanları arasında ictimai münasibətlər: Reallıqlar və perspektivlər” adlı tədbirdə deyib.
O bildirib ki, Təbrizdən Bakıya, Gəncədən Kərkükə və Təlafərə qədər danışılan dil eynidir:
“Azərbaycanlılarla İraq türkmanlarının ünsiyyətində anlaşılmazlığın olmaması da bu yaxınlığın göstəricisidir”.
Diplomat vurğulayıb ki, xalqları ortaq folklor, ədəbi irs və adət-ənənələrlə yanaşı, əsrlərə söykənən siyasi və mədəni tarix birləşdirir:
“Gülüstan və Türkmənçay müqavilələrindən sonra yaranan sərhədlər İraq türkmanlarının Azərbaycanla siyasi və mədəni əlaqələrinə də təsir göstərib”.
O, ötən əsrin 50-60-cı illərində Kərkükdə yaşayan insanların Bakı radiosunu dinləməsini doğma dilə və tarixi vətənə bağlılığın nümunəsi kimi xatırladıb.