2019–2025-ci illərdə Azərbaycanda turizmin iqtisadiyyatda payı 4,5 faizdən 5,4 faizə yüksəlib. Bunu Dövlət Turizm Agentliyinin sədr müavini Azadə Hüseynova bildirib.
Onun sözlərinə görə, turizm bir neçə sahəni əhatə edən geniş ekosistemdir. Buraya yalnız yerləşmə və ictimai iaşə obyektləri deyil, həmçinin marketinq, nəqliyyat, daşıyıcılar və digər xidmət sahələri daxildir.
Hüseynova qeyd edib ki, turizmin iqtisadiyyatda payının artması məşğulluq imkanlarının genişlənməsinə də müsbət təsir göstərib:
“2019-cu illə müqayisədə 2025-ci ildə turizm sektorunda çalışanların sayı 46 faiz artıb. Yerləşmə və ictimai iaşə sahələrində isə bu artım 56 faiz təşkil edib. Hazırda ölkə üzrə turizm sahəsində 121 min nəfər muzdlu işçi kimi çalışır”,- o vurğulayıb.
Onun sözlərinə görə, sənayenin inkişafı üçün təşviq mexanizmləri və subsidiyaların tətbiqi özəl sektorun turizmə cəlb olunmasını genişləndirəcək.