Bakı, 19 noyabr, AZƏRTAC Beynəlxalq münasibətlərdə dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə hörmət Azərbaycanın xarici siyasətinin əsas prinsiplərindən biridir. Azərbaycan son 20-30 il ərzində İraqda baş verən müxtəlif prosesləri, o cümlədən faciəli hadisələri diqqətlə izləyib və hər zaman bu ölkənin ərazi bütövlüyünü, suverenliyini dəstəkləyib. Eyni zamanda, Yaxın Şərq və Cənubi Qafqaz kimi mürəkkəb coğrafiyalarda yaşayan soydaşlarımızın vəziyyəti, hüquqlarının qorunması və onların sosial rifahı Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır.AZƏRTAC xəbər verir ki, bu fikirləri Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev noyabrın 19-da “Azərbaycan və İraq türkmanları arasında ictimai münasibətlər: reallıqlar və perspektivlər” mövzusunda keçirilən konfransda çıxışı zamanı səsləndirib.O bildirib ki, Azərbaycan İraqın ərazi bütövlüyünü və suverenliyini dəstəkləməklə yanaşı, bu ölkədə yaşayan soydaşlarımızın vəziyyəti ilə də maraqlanır. Bu, Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri olan dövlətlərin suverenliyinə hörmət prinsipi ilə tam uzlaşır.“Son 20-30 il ərzində İraqda müxtəlif hadisələr, o cümlədən faciəli proseslər baş verib. Azərbaycan isə İraqın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir. Bu, ölkəmizin xarici siyasətinin əsas xətlərindən biridir. Bununla yanaşı, Yaxın Şərqdə və Cənubi Qafqazda, eləcə də digər coğrafiyalarda müxtəlif ölkələrdə yaşayan çoxsaylı soydaşlarımız var. Təbii ki, onların vəziyyəti ilə maraqlanmağımız və imkan daxilində onlara dəstək göstərməyə çalışmağımız normaldır”, - deyə Fərid Şəfiyev qeyd edib.Mərkəzin İdarə Heyətinin sədri diqqətə çatdırıb ki, bu dəstək müxtəlif istiqamətləri əhatə edə bilər. Buraya təhsil proqramları, humanitar təşəbbüslər, eləcə də iqtisadi və siyasi dəstək daxildir. Əsas məqsəd İraqda yaşayan soydaşlarımızın hüquq və imkanlarının genişləndirilməsinə, onların cəmiyyətin həyatında fəal iştirakına töhfə verməkdir. “Siyasi dəstək heç bir halda hər hansı dövlətin daxili işlərinə müdaxilə kimi qiymətləndirilməməlidir. Burada siyasi dəstək dedikdə hər hansı ölkənin daxili işlərinə müdaxilə nəzərdə tutulmur. Söhbət ondan gedir ki, biz İraqda yaşayan soydaşlarımızın həmin ölkənin qanunvericiliyi çərçivəsində bütün hüquqlarla təmin olunmasında maraqlıyıq. Onların hüquqlarının qorunması və cəmiyyət həyatında bərabər imkanlara malik olması bizim üçün vacibdir”, - deyə Fərid Şəfiyev bildirib. Fotoqraf - Aydın Məmmədov