Azərbaycanda bu il 134 mindən çox botnet yoluxması qeydə alınıb

Bu il Azərbaycanda 134 mindən çox botnet yoluxması, zərərli kontent yerləşdirilmiş 2 mindən çox sayt, 300-dən çox “web defacement” və DDoS hücumu qeydə alınıb.

Bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov Bakıda keçirilən Kiberdiplomatiya üzrə II Beynəlxalq Konfransda (ICCD 2026) bildirib.

Onun sözlərinə görə, həmçinin 10 APT qrupunun fəaliyyəti ətraflı araşdırılıb.

“Ölkə səviyyəsində kibertəhdid və insidentlər barədə məlumat mübadiləsini təmin edən xüsusi platformaya 60 qurum qoşulub. Platforma vasitəsilə 28 mindən çox təhdid indikatoru paylaşılıb. Bu göstəricilər kibertəhdidlərin miqyasını və onlara qarşı əlaqələndirilmiş fəaliyyətin əhəmiyyətini bir daha nümayiş etdirir”, – Əsədov deyib.

Nazir müavini qeyd edib ki, əsas məqsəd yalnız təhdidləri aşkarlamaq deyil, həm də onların qarşısını qabaqcadan almaq və mümkün insidentlərin dövlət xidmətlərinə təsirini minimuma endirməkdir.

Onun sözlərinə görə, informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində hüquqi baza ardıcıl şəkildə təkmilləşdirilir. Milli CERT, Milli SOC və rəqəmsal tədqiqat mərkəzlərinin yaradılması, eləcə də kibertəhdidlərə qarşı vahid koordinasiya mexanizmlərinin formalaşdırılması nəzərdə tutulur.

Əsədov dezinformasiya və məqsədyönlü informasiya manipulyasiyalarının yaratdığı risklərin vaxtında müəyyən edilməsinin vacibliyini vurğulayıb.

“Bu təhdidlərin sərhəd tanımadığını nəzərə alaraq, onlara qarşı mübarizədə beynəlxalq əməkdaşlıq artıq seçim deyil, zərurətdir”, – o bildirib.

Nazir müavini əlavə edib ki, süni intellektin müxtəlif sahələrə inteqrasiyası beynəlxalq münasibətlərin xarakterini, dövlətlər arasındakı güc balansını və kiberməkandakı təhlükəsizlik yanaşmalarını dəyişdirir.

Onun sözlərinə görə, kibertəhlükəsizlik sahəsində maarifləndirmə, peşəkar kadr potensialının artırılması və cəmiyyətin rəqəmsal savadlılığının inkişafı Azərbaycanın uzunmüddətli təhlükəsizlik strategiyasının ayrılmaz hissəsidir.