Bakı, 19 noyabr, AZƏRTAC COP31 çərçivəsində Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə Paris Sazişi üzrə öhdəliklərin yerinə yetirilməsində şəffaflığın təmin edilməsi istiqamətində “Birinci İkiillik Şəffaflıq Hesabatından (BTR1) İkinci İkiillik Şəffaflıq Hesabatına (BTR2): hesabatlılığın təkmilləşdirilməsi və qabaqcıl təcrübələr” mövzusunda beynəlxalq tədbir keçirilib.Nazirlikdən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva İkinci İkiillik Şəffaflıq Hesabatını (BTR2) təqdim edib. Görüşdə BMT-nin Ətraf Mühit Proqramının (UNEP) icraçı direktoru, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası (UNFCCC) Katibliyinin Şəffaflıq Bölməsinin direktoru, COP29-un prezidenti və Qlobal Ekoloji Fondun (GEF) nümayəndəsi çıxış ediblər. İkinci İkiillik Şəffaflıq Hesabatının təqdimatı iştirakçılar tərəfindən təqdirəlayiq qarşılanıb.Tədbir çərçivəsində 1990–2024-cü illəri əhatə edən istixana effekti yaradan qaz emissiyalarının əsas sektorlar üzrə inventarlaşdırılmasının təkmilləşdirilməsi, milli hesabatlılıq potensialının gücləndirilməsi və bu sahədə beynəlxalq təcrübə mübadiləsinin aparılması məsələləri müzakirə edilib.