DTX: Azərbaycanın informasiya resursları kiberhücumlara məruz qalıb

Son dövrlərdə Azərbaycanın informasiya resurslarına kiberhücumlar həyata keçirilib.

Bunu Dövlət Təhlükəsizliyi Xidmətinin rəis müavini Həsən Mansurov Bakıda keçirilən Kiberdiplomatiya üzrə II Beynəlxalq Konfransda (ICCD 2026) bildirib.

Onun sözlərinə görə, kiber və texnoloji imkanlar geosiyasi təzyiq mexanizminə çevrilib:

“Bu hadisələr kibertəhdidlərin milli təhlükəsizlik üçün real təhlükə yarada biləcəyini göstərir. Ümumiyyətlə, dünya hələ misli görünməmiş kiberdəyişikliklərin başlanğıcındadır”, - o bildirib.

Mansurov qeyd edib ki, Azərbaycan Avropa ilə Asiyanı birləşdirən enerji, nəqliyyat və kommunikasiya xətlərində mühüm mövqeyə malikdir.

“Bu infrastrukturların kibertəhlükəsizliyi təkcə ölkəmizin milli maraqlarına deyil, həm də beynəlxalq enerji təchizatına, ticarətə və iqtisadi əlaqələrə təsir göstərə bilər”, – o deyib.

DTX rəsmisinin sözlərinə görə, Azərbaycan hazırlanmasında yaxından iştirak etdiyi BMT-nin Kibercinayətkarlığa qarşı Konvensiyasını ratifikasiya edən ilk ölkələrdən biridir.

“Hazırda həm BMT-nin, həm də Avropa Şurasının kibercinayətkarlığa qarşı konvensiyalarını ratifikasiya etmiş yeganə dövlət Azərbaycandır. Azərbaycanın körpü diplomatiyası təcrübəsi dünyada unikal istinad mənbəyinə çevrilib və bu, kiberdiplomatiyanı da əhatə edir. Bu gün kiberməkanda qayda çatışmazlığından daha çox icra çatışmazlığı var. Diplomatiyanın effektivliyi isə bəyannamələrlə deyil, onların praktik nəticələri ilə qiymətləndirilməlidir”, – Mansurov bildirib.

O əlavə edib ki, Azərbaycanın açıq diplomatiyası regionda sülh və əməkdaşlıq gündəliyinə xidmət etməklə yanaşı, ölkənin coğrafi və demoqrafik ölçülərindən dəfələrlə böyük beynəlxalq təsirə malikdir.