Dövlət Xidmətinin rəisi: Kibertəhlükəsizlik dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

Ölkəmizdə informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik məsələləri dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi daim diqqət mərkəzində saxlanılır.

“APA-Economics” xəbər verir ki, bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi İlqar Musayev “Kiberdiplomatiya üzrə II Beynəlxalq Konfrans”da çıxışı zamanı deyib.

O vurğulayıb ki, Prezident İlham Əliyevin 2026-cı il fevralın 11-də sədrliyi ilə keçirilən “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı müşavirədə bu sahələrin ölkənin strateji inkişafı baxımından əhəmiyyəti xüsusi vurğulanmış, dövlət qurumları arasında koordinasiyanın gücləndirilməsi ilə bağlı mühüm tapşırıqlar verilib: “Bu siyasətin institusional davamı olaraq yaradılmış Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasının Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə keçirilən ilk iclasında da kibertəhlükəsizlik və informasiya təhlükəsizliyi məsələləri əsas müzakirə istiqamətlərindən biri olub. Bütün bunlar Azərbaycanın rəqəmsal transformasiyanı yalnız texnoloji inkişaf deyil, həm də milli təhlükəsizliyin və dövlət suverenliyinin mühüm təminatlarından biri kimi qəbul etdiyini nümayiş etdirir”.

Onun sözlərinə görə, beynəlxalq təcrübədən çıxan nəticəyə əsasən, kibertəhlükəsizlik yalnız hücum baş verdikdən sonra tədbir görmək deyil. O, risklərin əvvəlcədən müəyyən edilməsi, davamlı monitorinqi, qabaqlayıcı müdafiə, operativ reaksiya və xidmətlərin dayanıqlı bərpasını əhatə edən fasiləsiz prosesdir.