Sabah QHT Agentliyinin 2027-ci il üzrə qrant müsabiqələri elan olunacaq

2026-cı il noyabrın 20-də QHT Agentliyi 2027-ci il üzrə kiçik və böyük qrant müsabiqələrini elan edəcək.

Bu barədə Agentliyin Kommunikasiya şöbəsinin müdiri Ülviyyə Qarayeva açıqlama verib. O, bildirib ki, müsabiqələrə müraciət üçün son tarix 2026-cı il dekabrın 20-sidir: “Bu dəfə layihələrdə innovativlik, problemlərə yeni və ya daha təkmil həllər təklif olunması, müvafiq tərəfdaşlarla, sahəvi qurumlarla və sosial media ilə əməkdaşlıq məsələləri, müvafiq sahədə strateji dövlət sənədlərinin (proqramlar, yol xəritələri, konsepsiyalar və s.) hədəflərinə töhfəyə dair ölçüləbilən nəticələr xüsusi diqqətdə saxlanılacaq”.

Bu müsabiqələr üzrə qrant məbləğlərinin yuxarı həddi və icra müddəti kiçik qrant müsabiqələri üzrə 30.000 manat (icra müddəti 6 ayadək), böyük qrant müsabiqəsi üzrə 70.000 manat (icra müddəti 9 ayadək) olacaq.

Ülviyyə Qarayeva bəzi mövzuların QHT Agentliyinin “bir pəncərə” prinsipi ilə müxtəlif dövlət qurumları ilə birlikdə keçirdiyi müsabiqələrdə yer almasının nəzərə alındığını bildirib: “QHT Agentliyinin özünün təklikdə elan etdiyi 2027-ci il üzrə müsabiqələrin mövzuları 5 istiqaməti əhatə edəcək. Bunlar Azərbaycançılıq, QHT-lərin sosial media və süni intellekt bacarıqlarının inkişafı, regionlarda aqrar sahədə təşəbbüslər, ailə institutunun möhkəmləndirilməsi, sağlam, təhlükəsiz cəmiyyətin təşviqi və sərbəst istiqamətdə beynəlxalq əhəmiyyətli təşəbbüslərdir”.

QHT-lərdən layihə təklifləri Agentliyin saytında xüsusi bölmə vasitəsilə elektron qaydada qəbul olunacaq, müvafiq bölmə 2026-cı il noyabrın 20-dən dekabrın 20-dək Agentliyin elektron xidmətlər portalında (e-ərizə bölməsi) aktiv olacaq. Şəxsən, poçtla və ya e-poçt vasitəsilə təqdim olunan layihə təkliflərinə dair sənədlər qəbul olunmayacaq.