Fərqli nazirlərin müavini olsalar da, eyni ad soyadı daşıyırlar – Dosye

Azərbaycanda iki fərqli nazirlikdə nazir müavini vəzifəsini tutan iki məmur eyni ad və soyadı daşıyır. Söhbət Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini Zaur Rafik oğlu Əliyev və Kənd Təsərrüfatı Nazirinin müavini Zaur Məmmədsaleh oğlu Əliyevdən gedir. Eyni ad və soyadı daşısalar da, onların təhsil və karyera yolları, eləcə də indiyədək çalışdıqları sahələr tamamilə fərqlidir.

Bizim.Media adaş nazir müavinlərinin dosyelərini təqdim edir.

Zaur Rafik oğlu Əliyev

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini olan Zaur Rafik oğlu Əliyev 1981-ci ildə anadan olub.

O, 1997-2000-ci illərdə “Cambridge Regional College”də (Böyük Britaniya) orta, 2000-2003-cü illərdə “East Anglia” Universitetində (Böyük Britaniya) mühasibat və maliyyə ixtisası üzrə ali təhsil alıb.

2003-2009-ci illərdə “Ernst & Young” şirkətinin Almatı, Bakı, London şəhərlərindəki ofislərində, 2010-2015-ci illərdə “PAŞA Holdinq” MMC-də və “PAŞA Sığorta” ASC-də müxtəlif vəzifələrdə çalışıb. 2015-ci ildən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru olub.

Hazırkı vəzifəsinə qədər İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri vəzifəsində çalışıb.

18 yanvar 2025-ci il tarixində növbəti 4 il müddətinə Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti seçilib.

Azərbaycan Respublikası Prezidentinin 2026-ci il 7 aprel tarixli Sərəncamı ilə Zaur Rafik oğlu Əliyev əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsinə təyin edilib.

Zaur Məmmədsaleh oğlu Əliyev

Kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev isə 1984-ci il 16 fevralda anadan olub.

2000-2004-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Biznesin təşkili və idarə edilməsi (kənd təsərrüfatı sahəsi üzrə) ixtisası üzrə bakalavr təhsili alıb. 2007-ci ildə Almaniya Federativ Respublikasının Vaynştefan Tətbiqi Elmlər Universitetində,2008-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetində magistr dərəcəsi alıb.

2007-ci ilin aprel ayından 2008-ci ilin iyul ayına qədər Almaniya Texniki Əməkdaşlıq Təşkilatında layihə assistenti işləyib. 2007-ci ilin sentyabr ayından 2008-ci ilin iyul ayına kimi Azərbaycan Dövlət Aqrar Universitetində müəllim kimi çalışıb.

2008-ci ilin sentyabr ayından 2011-ci ilin dekabr ayına qədər Münhen Texniki Universitetində elmi işçi, 2012-ci ilin yanvar ayından 2013-cü ilin iyul ayına kimi Twinning layihəsi üzrə layihə koordinatoru kimi fəaliyyət göstərib.

2014-ci ilin aprel ayından 2015-ci ilin dekabr ayına kimi Garant Holdingdə kənd təsərrüfatı layihələri üzrə menecer kimi çalışıb. 2015-ci ilin dekabr ayından 2016-cı ilin sentyabr ayına kimi “Peşə Tədris Mərkəzinin yaradılması" layihəsində layihə eksperti kimi fəaliyyət göstərib. 2016-cı ilin sentyabr ayından 2019-cu ilin iyun ayına kimi “Yalama Aqropark” MMC-nin direktoru olub. 2019-cu ilin iyul ayından 2020-ci ilin avqust ayına kimi İsveçin Niras şirkətində layihə eksperti kimi çalışıb.

2020-ci ilin avqust ayından 2023-cü ilin iyun ayına kimi Elm və Təhsil Nazirliyi yanında Peşə təhsili üzrə Dövlət Agentliyində şöbə müdiri vəzifəsində çalışıb.

2023-cü ilin iyun ayından 2026-cı ilin yanvar ayına kimi nazirin müşaviri vəzifəsində işləyib.

Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 26 yanvar tarixli Sərəncamı ilə Kənd

Təsərrüfatı nazirinin müavini vəzifəsinə təyin edilib.

O, ingilis, alman və rus dillərini bilir. Evlidir, 2 övladı var.