Avstriya Azərbaycanla iqtisadi əlaqələrin inkişafı, ticarət dövriyyəsinin artırılması və qarşılıqlı investisiyaların təşviqi istiqamətində səylərini davam etdirəcək.
Bunu Avstriyanın Azərbaycandakı səfiri Ettienne Berxtold Teleqraf-a açıqlamasında bildirib.
Diplomat qeyd edib ki, Azərbaycan Avstriyanın regionda ən mühüm tərəfdaşıdır.
Ölkələr arasında diplomatik münasibətlərin 35 illiyinin qeyd olunmasına hazırlaşdıqlarını xatırladan səfir dünən Bakıda keçirilən siyasi məsləhətləşmələrin uğurlu olduğunu vurğulayıb:
“Tərəflər bütün səviyyələrdə iqtisadi koordinasiya və əməkdaşlığın genişləndirilməsi barədə razılığa gəliblər. Bu məqsədlə gələn il müxtəlif tədbirlərin təşkili nəzərdə tutulur”.
Ettienne Berxtold bildirib ki, Avstriya şirkətlərinin Azərbaycana iqtisadi missiyaları mütəmadi təşkil olunur və yerli bazara maraq böyükdür:
“İnfrastruktur, enerji, Orta Dəhliz, nəqliyyat, telekommunikasiya, informasiya texnologiyaları, startaplar və süni intellekt əməkdaşlıq üçün perspektivli sahələrdir”.
Səfir ticarət dövriyyəsinin və hər iki ölkəyə qarşılıqlı investisiyaların artırılması üçün səylərin davam etdiriləcəyini, yaxşı nəticələr əldə etmək niyyətində olduqlarını söyləyib.