Bakı, 18 noyabr, AZƏRTAC Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə Bakı şəhərində növbəti dəfə Gələcəyin Peşələri Sammiti keçirilib. AZƏRTAC xəbər verir ki, “Gələcəyə tərəf” devizi ilə keçirilən sammit gələcəyin peşə və bacarıqlarına dair strateji istiqamətlərin müəyyənləşdirilməsi, əmək bazarının yeni çağırışlarının dəyərləndirilməsi, eləcə də dövlət, özəl sektor və təhsil müəssisələri arasında əməkdaşlıq və təcrübə mübadiləsinin təşviqi üçün vahid platforma rolunu oynayıb. Sammitin əsas məqsədi əmək bazarının dəyişən tələblərinə uyğun bacarıqların inkişafına və mütəxəssislərin yeni çağırışlara adaptasiyasına dəstək göstərmək, insan kapitalının inkişafında beynəlxalq təcrübə və innovativ yanaşmaların tətbiqini təşviq etmək olub. Tədbirin açılışında çıxış edən Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasov texnoloji yeniliklərin, süni intellektin və rəqəmsallaşmanın əmək bazarına sürətlə inteqrasiya etdiyini, peşələrin məzmununu və işəgötürənlərin tələblərini dəyişdirdiyini bildirib. O diqqətə çatdırıb ki, bu dəyişikliklərə yalnız uyğunlaşmaq deyil, gələcək tendensiyaları əvvəlcədən müəyyənləşdirmək və onlara hazırlaşmaq da vacibdir: “Texnologiyanın inkişafı insan amilinin rolunu azaltmır. Əksinə, insan potensialının texnoloji imkanlarla birləşdirilməsi gələcəyin əsas rəqabət üstünlüklərindən biridir. Bu baxımdan insan kapitalına investisiya, ömürboyu öyrənmə, davamlı ixtisasartırma və təhsil proqramlarının əmək bazarının tələblərinə uyğunlaşdırılması xüsusi əhəmiyyət daşıyır”, - deyə H.Abbasov qeyd edib. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov süni intellekt dövründə insan kapitalının inkişafından bəhs edərək, süni intellektin gələcəyi ilə bağlı aparılmış tədqiqatlara dair məlumat verib. O, əmək bazarı iştirakçılarının süni intellekt biliklərini artırmalarının vacibliyini, Azərbaycanda süni intellekt ekosisteminin qurulması, dövlət idarəçiliyində, iqtisadiyyatda və cəmiyyətdə tətbiqinin genişləndirilməsi istiqamətində işlər aparıldığını bildirib. Dövlət və özəl sektorun nümayəndələrini, insan resursları mütəxəssislərini və təhsil ekspertlərini, karyera məsləhətçilərini və sahibkarları, vətəndaş cəmiyyəti təmsilçilərini, o cümlədən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın üzvlərini bir araya gətirən tədbir çərçivəsində “Qlobal dəyişikliklərdən fərdi bacarıqlara” və “Dəyişiklikdən rəqabət üstünlüyünə” adlı iki panel müzakirəsi təşkil olunub. Panellərdə yerli və xarici spikerlər tərəfindən qlobal əmək bazarının transformasiyası, təşkilatların gələcəyin insan kapitalını necə formalaşdırması, süni intellekt dövründə fərdi rəqabət üstünlüyünün əldə olunması, dəyişikliklərə liderlik etmək, gələcəyə hazır təşkilatların qurulması və s. mövzularda çıxışlar dinlənilib, iştirakçıların sualları cavablandırılıb. Sammitdə “Birlikdə qur, birlikdə yüksəl!” adlı vörkşop da təşkil olunub. Qeyd edək ki, Gələcəyin Peşələri Sammitinin ölkəmizin regionlarında da təşkili nəzərdə tutulub. Müxbir - Günel Türksoy Fotoqraf - Tofiq Babayev Videooperator - Şövqi Əzizov