Bakı, 18 noyabr, AZƏRTAC“Azərbaycanda 2026-2028-ci illəri əhatə edən Rəqəmsal İnkişafın Sürətləndirilməsi üzrə Fəaliyyət Planı” çərçivəsində vahid rəqəmsal ekosistemin formalaşdırılması istiqamətində işlər həyata keçirilir. Bu prosesin əsas məqsədlərindən biri dövlət qurumları arasında məlumat mübadiləsini avtomatlaşdırmaq, vətəndaşlardan eyni məlumat və sənədlərin təkrar tələb olunmasının qarşısını almaqdır.Bunu AZƏRTAC-a açıqlamasında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İctimai Şurasının üzvü, informasiya texnologiyaları üzrə mütəxəssis Fərid Kazımov deyib.Mütəxəssisin sözlərinə görə, rəqəmsal transformasiyanın əsas prinsiplərindən biri beynəlxalq təcrübədə “Once Only” – “yalnız bir dəfə təqdim et” adlandırılan yanaşmadır: “Bu prinsipə əsasən, vətəndaş hər hansı məlumatı və ya sənədi bir dəfə dövlət sisteminə təqdim etdikdən sonra digər qurumlar həmin məlumatı müvafiq informasiya bazalarından əldə edə biləcəklər. Artıq vətəndaşın bir dövlət qurumundan aldığı arayışı başqa bir quruma təqdim etmək üçün özü ilə aparmasına ehtiyac qalmayacaq. Dövlət qurumları arasında məlumat mübadiləsi elektron qaydada və avtomatlaşdırılmış şəkildə həyata keçiriləcək. Beləliklə, vətəndaşların vaxtına qənaət olunacaq, inzibati prosedurlar sadələşəcək”.F.Kazımov bildirib ki, vahid rəqəmsal ekosistemin digər mühüm istiqamətlərindən biri proaktiv xidmətlərin genişləndirilməsidir: “Bu yanaşma çərçivəsində vətəndaşın həyatında baş verən mühüm hadisələrlə əlaqədar zəruri sənədlər əvvəlcədən elektron formada hazırlanacaq və şəxsi kabinetdə əlçatan olacaq. Məsələn, vətəndaşın pensiya yaşına çatması, təhsilini başa vurması və ya digər mühüm həyat hadisələri ilə bağlı sənədlərin hazırlanması üçün ayrıca müraciət etməsinə ehtiyac qalmayacaq. Müvafiq məlumatlar sistemdə formalaşdırılacaq və istifadəçi onları şəxsi kabineti vasitəsilə əldə edə biləcək”.Ekspert qeyd edib ki, bu yanaşma “mygov” platformasının imkanlarının genişləndirilməsi, dövlət xidmətlərinin vahid məkanda birləşdirilməsi və müxtəlif informasiya sistemlərinin inteqrasiyası baxımından da əhəmiyyətlidir: “Rəqəmsallaşma yalnız dövlət xidmətləri ilə məhdudlaşmayacaq, biznes sektorunda da kağızsız sənəd dövriyyəsinə keçidi sürətləndirəcək. Müqavilələrin, aktların, qaimələrin və digər sənədlərin elektronlaşdırılması, elektron imza həllərinin daha geniş tətbiqi sahibkarların dövlət qurumları ilə münasibətlərini asanlaşdıracaq”.O əlavə edib ki, biznes subyektlərinin də dövlət informasiya sistemlərinə qoşulması nəzərdə tutulur: “Bununla belə, məlumatlara çıxış hər bir qurumun və şirkətin fəaliyyət istiqamətinə və səlahiyyətlərinə uyğun olaraq məhdudlaşdırılacaq. Bu, bütün məlumatların hər kəs üçün açıq olması demək deyil. Hər bir qurum yalnız öz fəaliyyətinə aid olan məlumatlara çıxış əldə edəcək. Məlumatların məxfiliyinin və təhlükəsizliyinin qorunması, eləcə də çıxış səlahiyyətlərinin düzgün müəyyənləşdirilməsi bu prosesin vacib şərtlərindəndir”.F.Kazımov hesab edir ki, vahid rəqəmsal ekosistemin formalaşdırılması süni intellekt texnologiyalarının inkişafı üçün də geniş imkanlar yaradacaq: “Belə ki, müxtəlif sahələr üzrə dövlət məlumatlarının sistemləşdirilməsi və inteqrasiyası süni intellekt modellərinin öyrədilməsi, analitik sistemlərin və intellektual agentlərin hazırlanması üçün əhəmiyyətli məlumat bazasının formalaşmasına şərait yaradacaq. Bununla yanaşı, milli süni intellekt modelləri texnoloji müstəqilliyin gücləndirilməsinə töhfə verə bilər”. Süni intellektin inkişafına toxunan ekspert Azərbaycanın öz milli dil modellərini və texnoloji həllərini yaratmasının xarici platformalardan asılılığın azaldılması, rəqəmsal məhsulların inkişafı və ixrac imkanlarının genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını bildirib. Onun sözlərinə görə, Azərbaycan dilinin xüsusiyyətlərini nəzərə alan böyük dil modellərinin (LLM) hazırlanması dövlət idarəçiliyi, təhsil, səhiyyə və digər sahələrdə süni intellekt tətbiqlərindən daha səmərəli istifadəyə imkan verəcək: “Öz dil modellərimizin yaradılması və inkişaf etdirilməsi xarici texnoloji həllərdən asılılığımızı azaltmağa kömək edəcək. Eyni zamanda, Azərbaycan dilinin rəqəmsal mühitdə daha geniş istifadəsi və təkmilləşdirilməsi üçün yeni imkanlar açacaq”.O, süni intellekt infrastrukturunun inkişafında enerji təminatının da xüsusi əhəmiyyət daşıdığını vurğulayıb: “Süni intellekt serverlərinin və məlumat mərkəzlərinin artan enerji tələbatı bu sahədə dayanıqlı enerji həllərinin tətbiqini zəruri edir”.F.Kazımov rəqəmsal biznesin inkişafında süni intellektin roluna da diqqət çəkib: “Həm daxili bazar, həm də ixrac üçün nəzərdə tutulan rəqəmsal məhsulların rəqabət qabiliyyətinin artırılmasında süni intellekt əsas texnoloji komponentlərdən birinə çevrilir. Azərbaycanda yüksək texnologiyalar sahəsində klasterlərin yaradılması məsələsi də müzakirə olunur. Belə klasterlərdə fəaliyyət göstərəcək şirkətlərin innovativ və ixracyönümlü məhsullar hazırlamasında süni intellekt həllərinin tətbiqi mühüm rol oynaya bilər”.Ekspert startapların inkişaf perspektivlərinə də toxunaraq bildirib ki, süni intellekt agentləri gələcəkdə kiçik komandaların, hətta fərdi sahibkarların daha mürəkkəb texnoloji məhsullar hazırlamasına imkan verəcək: “Bu baxımdan innovativ ideyaların dəstəklənməsi, istedadların müəyyənləşdirilməsi və startaplarla əməkdaşlığın genişləndirilməsi vacibdir.Yerli startapların inkişafına dəstək göstərilməsi, onların həllərinin sınaqdan keçirilməsi və perspektivli layihələrlə əməkdaşlıq Azərbaycanın süni intellekt və rəqəmsal texnologiyalar sahəsində potensialının gücləndirilməsinə xidmət edəcək”. Müxbir – Pərvanə Qafarova