17 noyabrda meydandakı ilk mitinqi Ənvər Əliyev təşkil etmişdi...” – Zərdüşt Əlizadə

"Onlar sadəcə siyasi baxımdan naşı idilər. Gəncləri, tələbələri əsasən həmin günlərdə guya Qarabağda, Şuşada, Topxanada baş verən hadisələrlə bağlı etiraza çağırır, amma əslində hansı siyasi oyunun getdiyini bilmirdilər..."

1988-ci il noyabrın 17-də Bakıda, o vaxt Lenin meydanı adlanan indiki Azadlıq meydanında başlanan mitinqlər Azərbaycan tarixinin ən mühüm və mübahisəli hadisələrindən biri hesab olunur. Sonradan Milli Dirçəliş Günü kimi rəsmiləşdirilən bu hadisələrin necə və kimlər tərəfindən təşkil edilməsi ilə bağlı müzakirələr bu gün də davam edir. Meydan hərəkatının başlanğıcında xalqın kortəbii etirazının, yoxsa müəyyən siyasi qüvvələrin təşkilatçılığının əsas rol oynaması barədə müxtəlif fikirlər mövcuddur. Həmin günlərdə Azərbaycan Xalq Cəbhəsi Müvəqqəti Təşəbbüs Mərkəzinin rəhbərlərindən biri olan keçmiş ASDP sədri Zərdüşt Əlizadə isə baş verən proseslərə fərqli siyasi qiymət verir. O, Moderator.az-a müsahibəsində ilk mitinqin təşkilatçıları, Topxana hadisələri ətrafında yaranmış ictimai ajiotaj və Meydan hərəkatının arxasında dayandığını düşündüyü siyasi qüvvələr barədə danışıb.

– Zərdüşt bəy, artıq uzun illərdir ki, noyabrın 17-si Azərbaycanda Milli Dirçəliş Günü kimi qeyd olunur. Lakin 1988-ci il noyabrın 17-də Bakıda, o vaxt Lenin meydanı adlanan indiki Azadlıq meydanında başlanan mitinqlərin necə təşkil edilməsi ilə bağlı mübahisələr bu gün də səngimək bilmir. Bəziləri bunu xalqın kortəbii etirazı, digərləri isə müəyyən siyasi qüvvələrin əvvəlcədən hazırladığı planın nəticəsi hesab edir. Siz həmin dövrdə, yenicə yaradılmış Azərbaycan Xalq Cəbhəsi Müvəqqəti Təşəbbüs Mərkəzinin rəhbərlərindən biri kimi proseslərin içində olmusunuz. Sizin qənaətinizcə, 17 noyabr mitinqlərinin başlanmasına hansı qüvvələr səbəb olmuşdu?

– Mənim 38 il əvvəl baş vermiş, sonradan “Meydan hərəkatı” adlandırılan proseslərlə bağlı düşüncələrim o vaxt necə idisə, indi də elədir, dəyişməyib. 1988-ci ilin noyabrında o vaxt Lenin meydanı adlanan indiki Azadlıq meydanında keçirilən mitinqlər köhnə partiya mafiyasının Vəzirova qarşı, onu hakimiyyətdən uzaqlaşdırmaq məqsədilə xalq kütlələrinin enerjisindən istifadə etməklə qurduğu hiyləgər planın tərkib hissəsi idi.

Həmin mitinqlərin başlandığı ərəfədə, hələ SSRİ-nin tərkibində olan Azərbaycan xalqının qarşısında mühüm vəzifələr dayanırdı. O günlərdə SSRİ Konstitusiyasına əlavə və dəyişikliklər müzakirə edilirdi. Yeni layihədə müttəfiq respublikaların hüquqlarını məhdudlaşdıran, eləcə də respublikanın razılığı olmadan onun ərazisinin bir hissəsində xüsusi idarəetmə formasının tətbiqinə imkan verən müddəa nəzərdə tutulmuşdu.

Belə bir vaxtda bizim təşəbbüsümüzlə yenicə yaradılmış Azərbaycan Xalq Cəbhəsi Müvəqqəti Təşəbbüs Mərkəzi məhz həmin antidemokratik müddəaların yeni Konstitusiyaya daxil edilməsinə qarşı mübarizə aparır, vətəndaşlardan və ayrı-ayrı müəssisələrdən imzalar toplayırdı. Məqsədimiz Azərbaycanın bu mürtəce Konstitusiya islahatının qarşısını almasına nail olmaq idi.

Bir sözlə, Azərbaycanın başı üzərində ciddi təhlükə yaranmışdı. Ancaq bütün bunlar kənarda qaldı. Gəlin, həmin 18 günlük mitinqin şüarlarına diqqət yetirək: “Topxanada iş gedir – Bakıda nümayiş gedir”, “Harada gördün erməni – vur başına gülləni”, “Bakı gözəl şəhərdir, ermənilər olmasa...”

Tələb irəli sürülürdü ki, Azərbaycan dili dövlət dili olsun! Halbuki o vaxtkı Azərbaycan SSR Konstitusiyasında Azərbaycan dilinin dövlət dili olması barədə müddəa artıq mövcud idi. Belə şüarları gündəmə gətirirdilər, xalqın siyasi baxımdan məlumatsız hissəsi də bunlara inanır və “Azərbaycan dili dövlət dili olsun!” deyə qışqırırdı. Halbuki bu müddəanın artıq Konstitusiyada təsbit edildiyindən xəbərləri yox idi.

Bir daha təkrar edirəm: bu prosesi təşkil edənlər köhnə partiya mafiyasının adamları, onun agenturası idi. Bütövlükdə, baş verənlər demokratiyaya qarşı yönəlmiş bir sui-qəsd idi. Təəssüf ki, bu plan baş tutdu.

Meydana toplaşanların əksəriyyəti də siyasi baxımdan naşı idi, baş verənlərin mahiyyətindən xəbərsiz idi. Sözügedən qüvvələr xalqın incə hisslərinə, milli duyğularına toxunaraq onu bir saz kimi çalır, asanlıqla səfərbər edir və idarə edirdilər. Xalq isə bütövlükdə nələrin baş verdiyini anlamırdı. Sadəcə, mən də daxil olmaqla, hadisələri təhlil edib düzgün nəticə çıxaran bir ovuc insan var idi. Biz o zaman da, indi də gerçəkləri deyirik.

Bu gün də həmin tarixi “Milli Dirçəliş Günü” adlandırırlar. Guya xalq dirçəlib. Amma xalqın bugünkü vəziyyətinə baxın: görəsən, o, həqiqətən dirçəlibmi? Biz heç dirçəlmiş xalqa oxşayırıq?

– Gəlin, yenidən əsas sualımıza qayıdaq: 1988-ci il noyabrın 17-də indiki Azadlıq meydanında keçirilən ilk mitinqi konkret olaraq kim və ya hansı təşkilat təşkil etmişdi?

– İlk mitinqi Ənvər Əliyev təşkil etmişdi. “Yurd” təşkilatı da bu prosesdə fəallıq göstərirdi. Həmin təşkilatın rəhbərlərindən Qorxmaz İbrahimli xüsusilə fəal idi. Ancaq əsas təşkilatçı Ənvər Əliyev olmuşdu...

– Sizin dediklərinizdən məntiqlə belə çıxır ki, adlarını çəkdiyiniz şəxslər də keçmiş partiya mafiyasının təsiri altında idilər və onun ssenarisi üzrə hərəkət edirdilər?

– Onlar sadəcə siyasi baxımdan naşı idilər. Gəncləri, tələbələri əsasən həmin günlərdə guya Qarabağda, Şuşada, Topxanada baş verən hadisələrlə bağlı etiraza çağırır, amma əslində hansı siyasi oyunun getdiyini bilmirdilər. Başqa sözlə, onlar bir alət idilər, onlardan istifadə edirdilər. Böyük siyasi hadisələrin mahiyyətindən başları çıxmırdı...

Mitinqlərdə ön plana çəkilən dil, erməni-azərbaycanlı münasibətləri, Qarabağ və digər məsələlərin arxasında əslində tamam başqa məqsədlər dayanırdı. Ortada ümumxalq mülkiyyətinin mənimsənilməsi məsələsi var idi. Köhnə partiya mafiyasının əsas məqsədi bu idi və onlar buna nail oldular... Nəticədə, bu gün – 38 il sonra da ümumxalq mülkiyyəti ayrı-ayrı şəxslərin əlində cəmləşib. Milyarderlərə çevriliblər, öz kef-damaqlarında yaşayırlar, xalqın isə başına qapaz vururlar...

– Kitabınızda yazırsınız ki, mitinqlər ərəfəsində “Kommunist” qəzetində dərc olunan “Topxana harayı” adlı yazı kütlələrin süni şəkildə qızışdırılmasında mühüm rol oynayıb. Belə çıxır ki, həmin yazının dərcini də Kommunist Partiyasındakı mafioz qruplaşmalar məqsədli şəkildə təşkil etmişdi?

– Bəli, həmin yazını da partiya nomenklaturası təşkil etmişdi. Bu da bir təxribat idi. Sovet qanunlarına görə, Ermənistandakı alüminium zavodunun Topxanada gəlib istirahət mərkəzi tikməsi mümkün deyildi. Bunun üçün həmin zavodun tabe olduğu SSRİ-nin müvafiq nazirliyi sərəncam verməli, tikintiyə milyonlarla rubl vəsait ayırmalı idi. Nə belə bir sərəncam var idi, nə də pul ayrılmışdı.

Kitabımda da yazmışam ki, orada cəmi 20 metr uzunluğunda, bir metr hündürlüyündə daş divar çəkilmişdi. Guya həmin ərazidə tikinti işləri aparılacaqdı. Bu, sadəcə, Bakıdan partiya mafiyası tərəfindən təşkil edilmiş təxribat idi. Əvvəlcə belə bir vəziyyət yaratdılar, sonra da “Topxana harayı” adlı yazını Bakıda “Kommunist” qəzetində dərc etdirərək kütləni bu “haraya” qaldırdılar.

Mən hesab edirəm ki, həmin vaxt qəzetin baş redaktoru Cəmil Əlibəyovu da bu yazını dərc etməyə vadar etmişdilər. Sonradan həmin yazının hazırlanmasında və dərcində iştirak edən əməkdaşlara yüksək mükafatlar verildi...

Üstəlik, həmin yazı Şuşadakı azərbaycanlılarla yanaşı, ermənilərin də adından yazılmışdı. Halbuki o vaxt artıq orada erməni əhali qalmamışdı. Xankəndidə azərbaycanlıların sıxışdırılaraq çıxarılmasından sonra, sentyabr ayında Şuşadakı ermənilər də şəhəri tərk etmişdilər. Bu fakt da Topxanadakı yarımçıq tikinti və həmin yazı ətrafında baş verənlərin təxribat xarakteri daşıdığı barədə fikirlərinizi gücləndirir...

– Onda sizin dediklərinizdən belə nəticə çıxır ki, ümumxalq hərəkatının təşkilində o vaxtkı xüsusi xidmət orqanları, o cümlədən SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin (DTK- "KQB") Azərbaycandakı strukturları da iştirak edirdi?

– Xüsusi xidmət orqanları, partiya mafiyası... Həm "KQB", həm də partiya mafiyası. Mərkəz, yəni Moskva da bunda maraqlı idi. Çünki bu cür hərəkatlar və proseslər əslində mövcud sovet quruluşunun dağıdılmasına xidmət edirdi. Onların da məqsədi SSRİ-ni dağıtmaq idi. Qorbaçovun siyasəti də buna xidmət edirdi...

– Axı mitinqin ilk günü milis bir neçə yerdə – məsələn, o vaxtkı “Moskva” mehmanxanası ilə parlament binasının arasında, eləcə də Sabir bağında Azadlıq meydanına doğru hərəkət edən kütlələrin qarşısını kəsməyə çalışmış, bir neçə nəfərə, o cümlədən Ənvər Əliyevin özünə xəsarət yetirmişdi. Əgər Mərkəzi Komitə və DTK hərəkatın başlanmasında maraqlı idisə, bu müdaxilələri necə izah etmək olar? Bunlar ictimaiyyətin gözündə başqa görüntü yaratmaq, yəni gözdən pərdə asmaq məqsədi daşıyırdı?

(Davamı var)

Söhbətləşdi: Sultan Laçın