Böyük Çin səddi tədricən dağılır – Turistlərə təhlükə barədə xəbərdarlıq edilib

Dünyanın ən məşhur tarixi abidələrindən biri hesab olunan Böyük Çin səddi tədricən dağılma təhlükəsi ilə üzləşib. UNESCO-nun Dünya İrsi siyahısına daxil edilməsinə baxmayaraq, müdafiə qurğusunun böyük hissəsi baxımsız vəziyyətdədir və bəzi ərazilərdə turistlərin təhlükəsizliyi ilə bağlı narahatlıqlar yaranıb.

Bu barədə Ukraynanın UNIAN nəşri “Lonely Planet” səyahət platformasına istinadən məlumat yayıb.

Nəşrin yazdığına görə, Böyük Çin səddi vahid tikili deyil, müxtəlif tarixi dövrlərdə inşa edilmiş müdafiə istehkamları sistemidir. Bu qurğuların böyük hissəsi Min sülaləsinin hakimiyyəti dövründə (1368–1644) tikilib.

İmperiyanın müdafiə sistemi əhəmiyyətini itirdikdən sonra səddin bir çox hissəsinə lazımi qayğı göstərilməyib. Yerli sakinlər isə uzun müddət onun daş və kərpiclərindən tikinti materialı kimi istifadə ediblər. Nəticədə təbii aşınma və insan fəaliyyəti tarixi abidənin vəziyyətinə ciddi təsir göstərib.

Səddin bərpası istiqamətində ilk genişmiqyaslı işlər 1950-ci illərin ortalarında Badalin ərazisində başlayıb. Sonrakı illərdə də davam etdirilən işlər nəticəsində 8 kilometrdən çox divar və 20-dən artıq müşahidə qülləsi bərpa olunub. Bununla belə, ümumi müdafiə sisteminin yalnız kiçik bir hissəsi turistlər üçün bərpa edilərək açılıb.

Abidənin qorunmasına Çin Dövlət Mədəni İrs İdarəsi nəzarət edir. Mütəxəssislər bərpa zamanı ənənəvi tikinti materiallarından istifadə etməklə yanaşı, qurğunun vəziyyətini izləmək üçün müasir məsafədən zondlama texnologiyalarını da tətbiq edirlər.

Turistlərə hansı ərazilər tövsiyə olunur?

“Lonely Planet” turistlərə nisbətən az izdihamlı Mutyanyuy və piyada gəzintiləri üçün əlverişli olan Tszinşanlin ərazilərinə diqqət yetirməyi tövsiyə edir.

Bununla yanaşı, bərpa edilməmiş və baxımsız vəziyyətdə olan bəzi hissələrə, xüsusilə Tszyankou ərazisinə səfərin təhlükəli ola biləcəyi bildirilir. Burada tikililərin dayanıqlığı ilə bağlı risklər mövcuddur.

Səyahət üçün ən münasib dövr yaz və payız ayları hesab olunur. Turistlərə rahat ayaqqabı geyinmək, özləri ilə su götürmək və hava şəraitinə uyğun geyim seçmək məsləhət görülür.

Qeyd edək ki, Böyük Çin səddi UNESCO-nun Dünya İrsi siyahısına 1987-ci ildə daxil edilib. Bu nəhəng tarixi müdafiə sistemi Çinin ən mühüm mədəni irs nümunələrindən biridir.