Azərbaycanda sosial yardım alanların sayı 18 min nəfərə yaxın artıb

Azərbaycanda ünvanlı dövlət sosial yardımı alanların sayı son bir ildə 17,8 min nəfər artıb.

Dövlət Statistika Komitəsinin məlumatlarına istinadən, 2026-cı il oktyabrın 1-nə ölkədə 78 min 900 aztəminatlı ailənin 349 min 300 üzvü ünvanlı dövlət sosial yardımı alıb.

2025-ci ilin müvafiq dövründə isə 75 min 300 ailənin 331 min 500 üzvü sosial yardımla təmin olunmuşdu. Beləliklə, yardım alan ailələrin sayı 3 min 600 və ya 4,8%, ailə üzvlərinin sayı isə 17 min 800 və ya 5,4% artıb.

Bu dövrdə ünvanlı dövlət sosial yardımının bir nəfərə düşən orta aylıq məbləği 97 manat 96 qəpikdən 99 manata yüksəlib. Artım 1 manat 04 qəpik və ya 1,1% təşkil edib.

Bundan əlavə , 2026-cı ilin ilk doqquz ayında məcburi dövlət sosial sığorta haqları hesabına ödənişlər istisna olmaqla, 24 min 900 ailəyə 25 min 700 uşağın anadan olmasına görə birdəfəlik müavinət verilib. Ötən ilin eyni dövründə isə 28 min 700 ailəyə 29 min 900 uşağın doğulmasına görə müavinət ödənilmişdi.

Hesabat dövründə radiasiya qəzası nəticəsində zərər çəkmiş 3 min 600 şəxsə müalicə üçün, penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş 6 min 200 nəfərə isə birdəfəlik müavinət verilib.

Eyni zamanda, oktyabrın 1-nə Azərbaycan Respublikası Prezidentinin təqaüdü və fəxri adlara görə təqaüd alanların sayı 407 min 600 nəfərə çatıb. Bir il əvvəl bu göstərici 401 min 700 nəfər təşkil edirdi.