Rusiyalı endokrinoloq-diyetoloq Vladimir Mayorov bildirib ki, həddindən artıq tərləmə hər zaman isti hava, fiziki fəaliyyət və ya streslə əlaqəli deyil.
Onun sözlərinə görə, qəfil tərləmənin səbəblərindən biri diabet və qanda şəkərin səviyyəsinin kəskin dəyişməsidir. Bu zaman soyuq tər, titrəmə, ürəkdöyünmə və halsızlıq müşahidə oluna bilər.
Həkim güclü tərləmənin digər səbəbi kimi bəzi dərmanların qəbulunu göstərib. Xüsusilə antidepresantlar, antipsixotiklər və insulin belə reaksiyaya səbəb ola bilər. Tərləmə yeni dərman qəbulundan və ya dozanın dəyişdirilməsindən sonra başlayarsa, həkimlə məsləhətləşmək tövsiyə olunur.
Mütəxəssisin açıqladığı üçüncü səbəb isə hipertireozdur. Bu xəstəlik zamanı maddələr mübadiləsi sürətlənir və orqanizmin istiyə həssaslığı artır. Çəki itkisi, ürəkdöyünmə, qıcıqlanma və titrəmə də xəstəliyin mümkün əlamətləri sırasındadır.