Din xadimləri Azərbaycanda dövlət qulluğunda işləyə bilməyəcəklər

Azərbaycanda din xadimləri dövlət qulluğu vəzifəsi tuta bilməyəcəklər. Yeni Dövlət Qulluğu Məcəlləsinə görə, dövlət qulluqçusu işlədiyi müddətdə din xadimi olarsa, onun dövlət qulluğuna xitam veriləcək.

Məcəllə dövlət qulluğuna qəbul zamanı şəxsin din xadimi olub-olmadığının yoxlanılmasını da nəzərdə tutur.

Yeni qaydalar necə tətbiq olunacaq? BBC Azərbaycanca əsas məqamları beş sualda izah edir.

1. Din xadimləri dövlət qulluğunda işləyə biləcəklərmi?

Xeyr.

Yeni Dövlət Qulluğu Məcəlləsinin 20.2-ci maddəsində dövlət qulluğu vəzifəsi tuta bilməyən şəxslərin siyahısı verilib.

Din xadimləri ayrıca bu siyahıya daxil edilib.

Eyni siyahıda başqa dövlətin vətəndaşlığını qəbul etmiş və ya başqa dövlət qarşısında öhdəliyi olan şəxslər, bəzi istisnalarla 65 yaşı tamam olanlar, məhkumluğu ödənilməmiş və ya götürülməmiş şəxslər və qanunda göstərilən digər kateqoriyalar da var.

2. Şəxsin din xadimi olub-olmadığı necə müəyyən ediləcək?

Məcəllə bunun yoxlanılması üçün ayrıca mexanizm nəzərdə tutur.

İnzibati vəzifə tutmaq istəyən şəxsin din xadimi olub-olmadığını müəyyənləşdirmək üçün müvafiq dövlət qurumuna Elektron Hökumət İnformasiya Sistemi, EHİS vasitəsilə sorğu göndəriləcək.

Sorğu yeddi iş günü ərzində cavablandırılmalıdır.

Bundan əlavə, müsahibədə iştirak etmək üçün müraciət formasında namizədə birbaşa "din xadimisinizmi?" sualı verilir.

3. Dövlət qulluqçusu sonradan din xadimi olarsa nə baş verəcək?

Onun dövlət qulluğuna xitam veriləcək.

Məcəllənin 41.1.15-ci maddəsində dövlət qulluqçusunun din xadimi olması dövlət qulluğuna xitam verilməsi üçün ayrıca əsas kimi göstərilib.

Beləliklə, məhdudiyyət yalnız dövlət qulluğuna yeni qəbul olunanlara aid deyil. Şəxs dövlət qulluğunda işlədiyi müddətdə din xadimi olsa belə vəzifədə qala bilməyəcək.

4. Bu, dini etiqadı olan şəxslərin dövlət qulluğunda işləyə bilməyəcəyi deməkdirmi?

Xeyr. Məcəllə "din xadimi olmaq"la şəxsin dini etiqadını fərqləndirir.

20.1-ci maddəyə görə, Azərbaycan vətəndaşları dinindən asılı olmayaraq, digər tələblərə cavab verdikləri halda dövlət qulluğu vəzifəsi tutmaq hüququna malikdirlər.

Qanun dövlət qulluqçusuna vəzifəsindən dini təbliğat üçün istifadə etməyi də qadağan edir. Qanuna görə, dövlət qurumlarında dini mərasimlərin keçirilməsinə rəsmi xarakter verilə bilməz. Məcəllədə söhbətin konkret hansı dini mərasimlərdən getdiyi açıqlanmır.

5. Din xadimi ehtiyat kadrlar siyahısında qala bilərmi?

Xeyr.

Məcəllənin 56-cı maddəsinə əsasən, ehtiyat kadrlar siyahısında olan şəxs din xadimi olduqda həmin siyahıdan çıxarılır.

Beləliklə, yeni Məcəllədə din xadimi statusu dövlət qulluğunun müxtəlif mərhələlərində nəzərə alınır: din xadimi dövlət qulluğuna qəbul edilmir, dövlət qulluqçusu sonradan din xadimi olarsa qulluğuna xitam verilir, ehtiyat kadr sonradan din xadimi olarsa siyahıdan çıxarılır.