Deputat Ceyhun Məmmədov parlamentdəki çıxışında deyib ki, ötən ilin büdcəsində olduğu kimi, 2027-ci ilin büdcəsi də sosialyönümlüdür.
Musavat.com-a istinadən, deputat növbəti ilin büdcəsində də sosial müavinət və təqaüdlərin artırılmasının nəzərdə tutulduğunu vurğulayıb:
“Bu, dövlətimizin öz vətəndaşının rifah halının yüksəldilməsinə və sosial vəziyyətinin yaxşılaşdırlmasına verdiyi önəmin göstəricisidir. Həm də onu göstərir ki, bu gün Prezident İlham Əliyevin və Birinci vitse - prezident Mehriban xanım Əliyevanın sosial sahəyə xüsusi diqqəti və qayğısı var. Onu da böyük qürur hissi ilə qeyd eməliyik ki, bu gün dövlətimizin şəhid ailələrinə yüksək diqqət və qayğısı var və bu siyasət dünyada nadir nümunələrdəndir”.
Ceyhun Məmmədov bütün bunlarla yanaşı, sosial sahə ilə bağlı bir neçə məsələyə diqqət çəkib. Bildirib ki, məşğulluqla bağlı vətəndaş işlə təmin olunmaq məqsədilə Milli Məclisin deputatına müraciət edir:
“Biz də öz növbəmizdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət ünvanlayırıq. Nazirlik müvafiq tədbirləri həyata keçirir. Ancaq, bir sıra hallarda şirkət vətəndaşı işə götürmür və bu da vətəndaşlarda narazılıq yaradır. Düşünürəm burada prosesin sona kimi izlənilməsinə və əlavə nəzarət mexanizmlərinin işlənilməsinə ehtiyac var. Düşünürəm belə olduğu təqdirdə şirkətlər bu məsələyə daha həssas yanaşacaqlar. Digər önəmli məsələ dəfnpulu ilə bağlıdır. Bu il bu vəsaitin ciddi artırılması imkansız ailələr üçün çox böyük dəstəkdir. Ancaq ümumilikdə proses uzundur, bir çox sənədlər tələb olunur. Düşünürəm bu prosesin daha da sadələşdirilməsinə və asanlaşdırılmasına ehtiyac var. Bu gün ölkəmizdə rəqəmsal hökumət quruculuğu sürətlə həyata keçirilir. Dşünürəm bu prosesin də avtomatlaşdırılması bu prosesə öz töhfəsini verə bilər”.
Deputat qeyd edib ki, son vaxtlar ölkəmizdə ailə institutu ilə bağlı narahaedici proseslər gedir:
“Yeni dünyaya gələn uşaqların sayında azalma, pozulan nikahların sayında artım müşahidə olunur, getdikcə gənclərin nikaha marağı azalır. Qeyd olunanları nəzərə alaraq, boşanmaların artmasının qarşısının alınması, gənc ailələrin qorunması, gənclərin ailə qurmağa təşviq edilməsi məqsədilə gənc ailələrə əlavə dəstək mexanizmlərinin işlənilməsi. Bu gün uşaqların sağlam qidalanması ilə də bağlı da bir sıra addımların atılmasına ehtiyac var. Hesab edirəm sistemli maarifləndirmə işləri ilə yanaşı uşaqların sağlam qidalanmasının təmin olunması məqsədilə gənc ailələrə əlavə dəstək mexanizmlərinin işlənilməsinə ehtiyac var.
Bu gün cənab Prezidentin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə çox böyük işlər görülür, yeni müəssisələr, fabrik və zavodlar yaradılır. Burada xüsusi önəm daşıyan məsələlərdən biri də əhalinin məşğulluğu məsələsidir. Növbəti illərdə də qarşıda duran ən prioritet məsələlərdən biri məşğulluq olacaq. Bu məqsədlə İşğaldan azad olunan ərazilərdə yeni iş yerlərinin yaradılması istiqamətində əlavə tədbirlərin həyata keçirilməsini təklif edirəm”.