Bakı, 17 noyabr, AZƏRTAC 1988-ci ilin 17 noyabrı Azərbaycan tarixində təkcə siyasi etirazın deyil, illərlə boğulmağa çalışılan milli kimliyin, müstəqillik arzusunun və tarixi yaddaşın yenidən dirçəlişinin rəmzidir. Bakının Azadlıq meydanında yüksələn səs Azərbaycan xalqının milli hüquqlarına, suverenliyinə və öz gələcəyini müəyyənləşdirmək iradəsinə sahib çıxdığını bütün dünyaya bəyan edirdi.Bu fikirləri türk ekspert Mehmet Emir Aksoy AZƏRTAC-a açıqlamasında bildirib.O qeyd edib ki, 1988-ci ilin noyabrında başlayan hərəkat uzun illər ərzində formalaşan milli şüurun və ideya mübarizəsinin nəticəsi idi. Bu prosesdə öz sözləri ilə xalqın yaddaşını yaşadan ziyalıların, şairlərin, fikir adamlarının və milli kimliyindən imtina etməyən milyonlarla azərbaycanlının mühüm rolu olub.Türk ekspert o dövrdə Qarabağ məsələsinin, Topxana meşəsində baş verənlərin və Moskva rəhbərliyinin Azərbaycan xalqının hüquqlarına qarşı laqeyd münasibətinin cəmiyyətdəki narazılığı daha da artırdığını diqqətə çatdırıb. “Noyabrın 17-də Bakının mərkəzində yerləşən Azadlıq meydanına toplaşan insanlar günlərlə davam edəcək tarixi xalq hərəkatının əsasını qoyublar. Bu insanların tələbləri müxtəlif başlıqlar altında ifadə olunsa da, onların ortaq məqsədi aydın idi: milli hüquqlar, Azərbaycanın ərazi bütövlüyü, suverenlik və öz gələcəyini müəyyənləşdirmək iradəsi. Günlərlə davam edən hərəkat dekabr ayında sovet rəhbərliyinin müdaxiləsi ilə güc tətbiq edilərək dağıdıldı. Lakin meydandakı insanları dağıtmaq orada yaranan ideyanı aradan qaldırmağa kifayət etmədi. Çünki artıq məsələ yalnız meydan mitinqi deyildi. Bir xalq öz tarixinin subyekti olmaq istədiyini bəyan etmişdi. 17 noyabrın əsl tarixi əhəmiyyəti də məhz bu məqamda üzə çıxır. Azərbaycanın müstəqilliyini yalnız Sovet İttifaqının dağılması nəticəsində meydana gələn siyasi hadisə kimi qiymətləndirmək olmaz. Çünki bu müstəqilliyin arxasında uzun illər davam edən fikir mübarizəsi, mədəni müqavimət, milli yaddaş və ümumxalq iradəsi dayanır. 1988-ci ildə Azadlıq meydanında açıq şəkildə ifadə olunan bu iradə sonrakı illərdə müstəqil dövlət qurmaq əzminə çevrildi. Üçrəngli bayrağın yenidən yüksəlməsi bu tarixi yürüşün rəmzlərindən biri oldu”, – deyə ekspert qeyd edib.Mehmet Emir Aksoy 17 noyabr tarxinin Türk dünyası üçün də mühüm əhəmiyyət daşıdığını bildirib. “Azərbaycanın milli dirçəlişi yalnız bir coğrafiyanın müstəqillik axtarışı deyil, həm də sovet dövründə sərhədlər və siyasi sistemlər vasitəsilə bir-birindən uzaqlaşdırılmış türk toplumlarının ortaq tarix və kimlik şüurunun yenidən güclənməsi idi. Bu gün Azərbaycan öz bayrağı, ordusu, dövlət institutları və beynəlxalq kimliyi ilə müstəqil dövlətdir. Bu mənzərənin arxasında meydanlarda səsini ucaldanların, qələmi ilə mübarizə aparanların, müstəqillik uğrunda böyük bədəllər ödəyənlərin və bu ideyanı gələcək nəsillərə ötürənlərin mühüm payı var. Çünki xalqlar yalnız sərhədləri ilə deyil, həm də yaddaşları ilə yaşayırlar. Yaddaşını qoruyan, tarixindən güc alan və gələcəyini öz iradəsi ilə müəyyənləşdirən xalqların yürüşü heç vaxt başa çatmır. 17 noyabr Azərbaycanın təkcə dirçəliş günü deyil, bir xalqın öz müqəddəratına sahib çıxmaq iradəsinin tarixə yazıldığı gündür”, – deyə Mehmet Emir Aksoy bildirib.