Bakı, 17 noyabr, AZƏRTAC Elm və Təhsil Nazirliyinin Kimya İnstitutunun Nanostrukturlaşdırılmış metal-polimer katalizatorları laboratoriyasının əməkdaşları Çiçək Seyidova, Həcər Aslanova, Nigar Şıxverdiyeva, Nərgiz Rəhimli, Cəmilə Quliyeva, Könül Həsənova, Samirə Məmmədova, Nizami Zeynalov və Dilqəm Tağıyevin Almaniyanın Zigen Universitetinin əməkdaşı Fəridə Əmiraslanova ilə birgə hazırladıqları icmal məqaləsi beynəlxalq elmi jurnalda dərc olunub.Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.“Yaşıl kimya və bioloji parçalanan polimerlər: ekoloji perspektivlər” adlı məqalə “Web of Science” və “Scopus” beynəlxalq elmi bazalarında indekslənən jurnalda yayımlanıb. Jurnalın impakt faktoru 3.4, kvartili isə Q2-dir. İcmal məqaləsində plastik istehsalının və istehlakının ətraf mühitə təsiri, yaşıl kimya prinsiplərinin polimer kimyasında tətbiqi və bioloji parçalanan polimerlərin davamlı materiallar kimi inkişaf perspektivləri təhlil olunub. Məqalədə bioloji parçalanan polimerlərin əsas sinifləri, sintez üsulları, fiziki-kimyəvi xüsusiyyətləri və parçalanma mexanizmləri nəzərdən keçirilib. Həmçinin onların müxtəlif sənaye sahələrində tətbiq imkanları, istehsalı və praktiki istifadəsi ilə bağlı elmi, iqtisadi və normativ çətinliklər araşdırılıb. İcmalda yaşıl kimyanın 12 əsas prinsipinin polimer materialların layihələndirilməsi və istehsalında tətbiqinə, təhlükəli maddələrin istifadəsinin azaldılmasına, ekoloji cəhətdən daha təhlükəsiz alternativlərin hazırlanmasına və materialların istifadə müddəti boyunca ətraf mühitə təsirinin minimuma endirilməsinə xüsusi diqqət yetirilib. Əldə olunan elmi ümumiləşdirmələr bioloji parçalanan polimerlərin inkişaf perspektivlərinin qiymətləndirilməsi, polimer materialların istehsalında yaşıl kimya prinsiplərinin tətbiqi və plastik çirklənmənin azaldılması istiqamətində gələcək tədqiqatlar üçün əhəmiyyət daşıyır.