Gəncə, 17 noyabr, AZƏRTAC Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Aqrar iqtisadiyyat fakültəsində professor-müəllim heyətinin və tələbələrin iştirakı ilə 17 Noyabr – Milli Dirçəliş Gününə həsr olunmuş “Milli Dirçəliş Günü – müstəqilliyə aparan yolun başlanğıcıdır” mövzusunda tədbir keçirilib.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Tədbirdə çıxış edən fakültənin dekanı Asəf Qasımov bildirib ki, Azərbaycan xalqının azadlıq mübarizəsinin mühüm mərhələlərindən biri olan Milli Dirçəliş Günü xalqımızın milli birliyini, azadlıq iradəsini və dövlətçilik əzmini nümayiş etdirib. Qeyd olunub ki, bu tarixi gün müstəqil Azərbaycanın bugünkü uğurlarının və böyük Zəfərimizin əsasını təşkil edən milli həmrəyliyin formalaşmasında mühüm rol oynayıb.Daha sonra Aqrobiznes, menecment və marketinq kafedrasının müdiri Vahid Əmrahov və İctimai fənlər kafedrasının müdiri Elgün Aslanov mövzu ilə bağlı çıxış ediblər. Çıxışlarda Milli Dirçəliş Gününün Azərbaycanın dövlət müstəqilliyinin bərpasındakı tarixi rolundan, Ulu Öndər Heydər Əliyevin siyasi uzaqgörənliyi və müdrikliyi sayəsində ölkəmizin müasir inkişaf yoluna qədəm qoymasından bəhs olunub. Vurğulanıb ki, dahi rəhbərin hakimiyyətə qayıdışı milli dirçəlişdən milli tərəqqiyə uzanan yolun başlanğıcını qoyub.İctimai fənlər kafedrasının əməkdaşları Samirə Qasımova, Zümrüd Qəhrəmanova və Aqrar iqtisadiyyat fakültəsinin tələbəsi Hüseyn Cavadov çıxışlarında Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbənin milli birliyin, xalq-dövlət həmrəyliyinin və güclü dövlətçilik iradəsinin təntənəsi olduğunu diqqətə çatdırıblar. Bildirilib ki, Milli Dirçəliş Günü ölkəmizin bütün bölgələrində, o cümlədən işğaldan azad edilmiş ərazilərimizdə böyük qürur və iftixar hissi ilə qeyd olunur.Sonda Milli Dirçəliş Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib. Müxbir - Elcan Məmmədov