Bakı, 17 noyabr, AZƏRTAC Azərbaycan mikro, kiçik və orta sahibkarların elektron ticarət imkanlarının genişləndirilməsinə yönəlmiş beynəlxalq “Prosper MSMEs” təşəbbüsündə iştirak edən 8 ölkədən biridir.Bu barədə AZƏRTAC-a müsahibəsində “AZCON Holding” şirkətlərindən olan “Azərpoçt” MMC-nin İdarə Heyəti sədrinin müşaviri, Ümumdünya Poçt İttifaqının (ÜPİ) Rəqəmsal, Maliyyə və Ticarət İnklüzivliyi Qrupunun həmsədri Anar Məcidov məlumat verib.Anar Məcidov bildirib ki, ÜPİ və İslam İnkişaf Bankı İnstitutunun birgə həyata keçirdiyi layihə mikro, kiçik və orta sahibkarların elektron ticarətə qoşulmasında, xarici bazarlara çıxışında və rəqəmsal maliyyə xidmətlərindən istifadəsində poçt şəbəkələrinin imkanlarını araşdırır: “Layihə çərçivəsində yerli istehsalçıların məhsullarını xarici bazarlara çıxarması, göndərişlərin münasib şərtlərlə həyata keçirilməsi, çatdırılmanın izlənilməsi və ödəniş proseslərinin təşkili kimi məsələlərə diqqət yetirilir”.Onun sözlərinə görə, təşəbbüs hazırda araşdırma və qiymətləndirmə mərhələsindədir. Buna görə də konkret nəticələr barədə danışmaq hələ tezdir. İlk növbədə, ölkə üzrə mövcud imkanlar və məhdudiyyətlər müəyyənləşdirilməli, bundan sonra əsaslandırılmış təkliflər hazırlanmalıdır. Müxbir – Pərvanə Qafarova Fotoqraf – Orxan Kərimov