Həkim Lesli Kenni qocalma ilə bağlı fiziki vəziyyəti qiymətləndirməyə kömək edən sadə testdən danışıb. O, bu testi ev şəraitində heç bir avadanlıq olmadan keçməyi tövsiyə edib.
Mütəxəssis bu barədə “Daily Mail” nəşrinə müsahibəsində danışıb.
Onun təklif etdiyi testə görə, insan əllərindən və dizlərindən kömək almadan yerə oturmalı, daha sonra isə ayağa qalxmalıdır. Həkimin sözlərinə görə, bu hərəkəti yerinə yetirmək insanın əzələ gücü, elastikliyi və tarazlığı barədə məlumat verir. Bu xüsusiyyətlər yaş artdıqca müstəqil həyat sürmək üçün vacib hesab olunur.
Mütəxəssis fikirlərini 46-75 yaş arası 4282 nəfərin iştirak etdiyi araşdırmanın nəticələri ilə əsaslandırıb. İştirakçılar yerdə oturub-qalxma qabiliyyətinə görə maksimum 10 balla qiymətləndirilib. Oturmaq və ayağa qalxmaq üçün ayrı-ayrılıqda 5 bal verilib. Əl və ya dizdən istifadə etdikdə 1 bal, hərəkət zamanı müvazinətin pozulmasına görə isə yarım bal çıxılıb.
Həkim bildirib ki, 8 və daha çox bal toplayan şəxslər sağlam hesab olunub. Daha aşağı nəticələr isə orta və yaşlı insanlarda ürək-tənəffüs sistemi xəstəlikləri ilə əlaqələndirilib.
Onun sözlərinə görə, 0-4 bal toplayan şəxslərdə ürək-damar xəstəliklərindən ölüm riski 10 bal toplayanlarla müqayisədə altı dəfə yüksək olub.