Bir gündə 8400 bilet!

Misli premyer-liqasının 12-ci turunda keçiriləcək "Kəpəz" - "Qarabağ" matçına azarkeş marağı böyükdü.

Gəncə təmsilçisinin mətbuat xidmətinə istinadla, oyuna biletlərin ilk satış günündə rekord göstərici qeydə alınıb.

Stadionun kassalarında və iticket.az saytında 1 sutka ərzində 8400 bilet satılıb. Bu, 15363 tamaşaçı tutumuna malik stadionda yerlərin təxminən 55 faizi deməkdi.

Xatırladaq ki, cari mövsüm "Kəpəz"in ev oyunlarında ən çox azarkeş sayı sentyabrın 4-də "Şamaxı" ilə görüşdə olub. Həmin matçı stadiondan 15000 tamaşaçı izləyib.

Noyabrın 22-də Gəncə şəhər stadionunda keçiriləcək "Kəpəz" - "Qarabağ" matçı saat 17.00-da başlayacaq.