Bolqarıstan sahillərində qaz tankeri batıb, heyət xilas edilib - Yenilənib

Liberiya bayrağı altında üzən tanker Bolqarıstan sahillərindən 50 dəniz mili (92,2 km) aralığında batıb.

Xarici mediaya istinadən, heyətin bütün 19 üzvü Bolqarıstan Silahlı Qüvvələrinin helikopterləri ilə xilas edilib.

Bildirilib ki, qaz tankeri Misirin İsgəndəriyyə limanından Rumıniyanın Midiya terminalına doğru hərəkət edirdi, göyərtəsində 3400 ton mayeləşdirilmiş propan var idi. Gəminin meneceri Yunanıstanın "Stealth Maritime Corp SA" şirkətidir.

Hazırda Bolqarıstan hakimiyyəti hadisənin səbəbini açıqlamayıb. Bununla yanaşı, "Maritime.bg" nəşrinin mənbələri gəminin dörd pilotsuz uçuş aparatı (PUA) tərəfindən vurulduğunu, nəticədə maşın şöbəsinin və gəmi körpüsünün zədələndiyini bildirir.

Mayeləşdirilmiş neft qazı daşıyan "Gas Husky" tankeri Qara dənizdə, Bolqarıstan sahillərində həyəcan siqnalı verib.

Bu barədə "Reuters" agentliyi iki mənbəyə və yerli mediaya istinadən məlumat yayıb.

Bolqarıstanın BNT ictimai teleradio şirkətinin məlumatına görə, Liberiya bayrağı altında üzən gəmi Kaliakra burnundan təxminən 60 dəniz mili məsafədə olarkən həyəcan siqnalı verib.

Bolqarıstan tərəfi faktla bağlı araşdırmalara başlayıb.

Hadisənin səbəbi, tankerin və onun heyətinin vəziyyəti hələ də naməlum qalır.

Ötən gün sahilin eyni hissəsindən təxminən 40 dəniz mili məsafədə yük gəmisi batıb.