Norveçdə pensiya yaşı artırıla bilər

Norveçdə pensiya yaşı tədricən artırıla bilər.

Bu barədə ölkənin Əmək və Sosial İnteqrasiya Nazirliyi məlumat yayıb.

Qanun layihəsinə əsasən, ölkədə gözlənilən ömür uzunluğunun artması ilə əlaqədar pensiya yaşı hər 10 ildən bir 1 il artırılacaq.

Nazirliyin yaydığı açıqlamada qurumun rəhbəri Xyörsti Stensenqin sözləri də yer alıb. O bildirib ki, insanların ömrü uzanır və əksəriyyətinin sağlamlıq vəziyyəti yaxşılaşır. Buna görə də pensiya sisteminin gələcək nəsillər üçün qorunub saxlanılması məqsədilə daha uzun müddət işləmək zərurəti yaranır.

Təklifə görə, 1966-cı ilədək anadan olan şəxslər 62 yaşında erkən pensiyaya çıxa biləcəklər. Ölkədə ümumi pensiya yaşı isə 67 olaraq qalacaq. 1967-ci ildən sonra doğulanlar üçün pensiya yaşı mərhələli şəkildə artırılacaq.

Nazirliyin məlumatına görə, 1990-cı illərin sonlarında anadan olan şəxslər üçün erkən pensiyaya çıxmaq yaşı 65 olacaq.

Qanun layihəsində gözlənilən ömür uzunluğundakı dəyişikliklərdən asılı olaraq pensiya yaşının artırılması mexanizmi də nəzərdə tutulub.