Bakı, 17 noyabr, AZƏRTAC Aqrar sahədə fermerlərin bilik və bacarıqlarının artırılması, müasir texnologiyaların istehsalata tətbiqinin təşviqi və innovasiyaların yayılması istiqamətində maarifləndirici tədbirlər sistemli şəkildə davam etdirilir.AZƏRTAC xəbər verir ki, bu barədə Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev Qubada təşkil olunan “Müasir bağçılıq sistemləri: seleksiya, calaqaltı-sort kombinasiyaları və sertifikatlı ting istehsalı” mövzusundakı tədbirin açılışında bildirib.Onun sözlərinə görə, cari il ərzində Aqrar Təlim Mərkəzi tərəfindən müxtəlif mövzular üzrə ümumilikdə 1251 təlim keçirilib və bu təlimlərdə 25 minə yaxın fermer iştirak edib.Sədr qeyd edib ki, bu göstəricilər fermerlərin müasir istehsal üsullarına, yeni texnologiyalara və aqrar biliklərə marağının artdığını nümayiş etdirir. Təlimlərin əsas məqsədi isə yalnız nəzəri biliklərin çatdırılması deyil, həm də əldə olunan biliklərin fermer təsərrüfatlarında praktiki tətbiqinə nail olmaqdır. Bu məqsədə çatmaq üçün təlim prosesində aidiyyəti qurumlar, elmi-tədqiqat və təhsil müəssisələri, eləcə də özəl sektorla əməkdaşlığın genişləndirilməsinə xüsusi önəm verilir. Belə əməkdaşlıq müasir bilik və texnologiyaların fermer təsərrüfatlarında tətbiqinin təşviqinə və təlimlərin səmərəliliyinin artırılmasına xidmət edir.Agentliyinin sədri, həmçinin bildirib ki, maarifləndirici tədbirlər “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda müəyyən edilmiş prioritetlər və fermerlər arasında keçirilən sorğuların nəticələri əsasında formalaşdırılır. Bu zaman fermerlərin ehtiyac və tələbatları əsas götürülür.