Bakı, 17 noyabr, AZƏRTAC "Kəpəz" və "Qarabağ" klubları arasında noyabrın 22-də Azərbaycan Premyer Liqasının XII turu çərçivəsində Gəncə şəhər stadionunda keçiriləcək oyuna azarkeşlər tərəfindən böyük maraq var.Bölgə klubundan AZƏRTAC-a verilən məlumata görə, bu görüşə biletlərin ilk satış günündə rekord göstərici qeydə alınıb.Stadionun kassalarında və “iticket.az” saytında 1 sutka ərzində 8400 bilet satılıb. Bu, 15 min 363 tamaşaçı tutumuna malik stadionda yerlərin təxminən 55 faizinin tutulması deməkdir. Belə yüksək templə davam edəcəyi təqdirdə oyuna qabaqcadan bütün biletlərin satılacağı gözlənilir. Xatırladaq ki, cari mövsüm "Kəpəz"in ev oyunlarında ən çox azarkeş sayı sentyabrın 4-də "Şamaxı" ilə görüşdə (15000 nəfər) qeydə alınıb.