Azərbaycanın Kimyəvi Silahların Qadağan Olunması Təşkilatı (OPCW / KSQT) yanında Daimi Nümayəndəsi Anar Əcəmov etimadnaməsini təşkilatın baş direktoru Sabrina Dallafiora təqdim edib, söhbət zamanı Bakı ilə KSQT arasında əməkdaşlıq müzakirə edilib.
Bu barədə Azərbaycanın Niderlanddakı səfirliyinin "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb.
Görüş zamanı Azərbaycan ilə KSQT arasında əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, A. Əcəmov Azərbaycanın Niderland Krallığındakı səfiridir.
Xatırladaq ki, KSQT "Kimyəvi silahların istehsalı, hazırlanması, toplanması, kimyəvi silahlardan istifadənin qadağan edilməsi və onların məhv edilməsi üzrə Konvensiya"nın qüvvəyə minməsi ilə əlaqədar olaraq 29 aprel 1997-ci ildə təsis edilib. Konvensiyanın əsas məqsədi kimyəvi silahların istifadəsini tamamilə qadağan etmək və müvafiq nəzarət mexanizmini yaratmaqdır.
Azərbaycan 1993-cü ilin 13 yanvar tarixində Konvensiyasını ilk imzalayan dövlətlərdəndir. Qeyd olunan konvensiya 2000-ci ilin 29 fevral tarixində Milli Məclis tərəfindən təsdiqlənib və Azərbaycan KSQT-nin tamhüquqlu üzvü olub.