COP31: Azərbaycan pavilyonunda “Xəzər dənizi üzrə yüksəksəviyyəli tədbir” keçirilib - Foto

Türkiyənin Antalya şəhərində davam edən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasında (COP31) fəaliyyət göstərən Azərbaycan pavilyonunda “Xəzər dənizi üzrə yüksəksəviyyəli tədbir” keçirilib.

Tədbirdə Xəzər dənizini əhatə edən 5 dövlət - Azərbaycan, Rusiya, İran, Türkmənistan və Qazaxıstanın rəsmiləri ilə yanaşı, BMT-nin Ətraf Mühit Proqramının (UNEP) icraçı direktoru İnger Andersen də iştirak edib.

COP28-dən etibarən Xəzər dənizi ilə bağlı ardıcıl dördüncü yüksəksəviyyəli görüşün keçirildiyini qeyd edən Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi və COP29-un prezidenti Muxtar Babayev bildirib ki, dünyanın böyük bir hissəsi dəniz səviyyəsinin yüksəlməsi problemi ilə üzləşdiyi bir vaxtda, Xəzər dənizi tam əks təhlükə ilə – su səviyyəsinin davamlı və narahatedici şəkildə aşağı düşməsi tendensiyası ilə qarşı-qarşıyadır. Belə ki, 2016–2025-ci illər ərzində Xəzərdə su səviyyəsi 1,33 metr enib.

Təkcə 2025-ci ildə su səviyyəsinin 14 santimetr azaldığını qeyd edən Muxtar Babayev, həmçinin temperatur və yağıntı göstəricilərində də əhəmiyyətli dəyişikliklər olduğunu ifadə edib.

COP29-un prezidentinin sözlərinə görə, 2025-ci ildə müşahidə olunan ərazidə illik yağıntı miqdarı 198,3 millimetrə çataraq son on ilin ən yüksək göstəricisi olsa da, dəniz səviyyəsi enməyə davam edib.

Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi bildirib ki, Xəzər dənizinin geri çəkilməsi nəticəsində, təkcə Azərbaycan sektorunda təxminən 30 min hektar ərazi üzə çıxıb.

“Bu dəyişikliklər infrastruktur və iqtisadi fəaliyyət üçün yeni çətinliklər yaradır. Limanlar və gəmiçilik artan xərclərlə üzləşir, balıqçılıq, balıq miqrasiyası yolları və biomüxtəliflik isə artan təhlükələrlə üzləşir. Bu, bütün regionumuz üçün ekoloji, iqtisadi və sosial bir çağırışdır”,- deyən M. Babayev, Türkmənistanın Türkmənbaşı şəhərində keçirilən ilk Xəzər Ekoloji Sammitini xatırladıb.

Prezident İlham Əliyevin Türkmənbaşıda keçirilən sammitdə dəniz səviyyəsinin sürətlə enməsinin fəlakətli nəticələr verə biləcəyi barədə xəbərdarlıq etdiyini vurğulayan M.Babayev Xəzər dənizinə beynəlxalq diqqətin artmasının vacibliyini qeyd edib:

“Biz bu çağırışı BMT proseslərində, beynəlxalq iqlim və ətraf mühit forumlarında, həmçinin inkişaf və elmi qurumlarla əməkdaşlıqda daha qabarıq şəkildə gündəmə gətirməliyik. Beş sahilyanı dövləti birlikdə hərəkət etməyə, qərarları həyata keçirməyə və zərərin geridönməz hala gəlməsindən əvvəl konkret irəliləyiş nümayiş etdirməyə çağırıram”.

Tədbir iştirakçıları Xəzəryanı dövlətlərin su səviyyəsinin enməsinə qarşı birgə elmi tədqiqatları və məlumat mübadiləsi təşəbbüslərini gücləndirdiyini qeyd ediblər.