Ankarada tarixi görüş: Şuşa, Kərkük və Ankara qadınları bir arada – FOTO

Türkiyənin paytaxtı Ankarada “Şuşa , Kərkük ,Ankara / Şərqin öncül qadınları / Sürəyya Ağaoğlunun izi ilə, keçmişdən gələcəyə” mövzusunda I Beynəlxalq Simpozium baş tutub.

Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfi (TADİV) ilə Mədəniyyətlərarası Şəbəkə Dərnəyinin birgə təşkilatçılığı ilə TADİV-in Şuşa Konqres Zalında keçirilən tədbirdə Türkiyə, Azərbaycan və İraqdan olan qadınların öncüllük təcrübələri, eləcə də Türkiyənin ilk qadın vəkili Sürəyya Ağaoğlunun irsi müzakirə edilib.

Tədbir çərçivəsində TADİV sədri Prof. Dr. Aygün Attarın Sürəyya Ağaoğlunun həyat və ədalət mübarizəsindən bəhs edən “Ədalətin qadın səsi: Sürəyya Ağaoğlu” adlı bioqrafik romanının təqdimatı da baş tutub.

Üç qədim coğrafiyadan üç öncül qadın səsi

Simpoziumun bu adlı sessiyasında Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, İraq Baş nazirinin qadın məsələləri üzrə müşaviri Ala Tələbani və Türkiyə Böyük Millət Məclisinin (TBMM) Qadın-Kişi Bərabər İmkanlar Komissiyasının sədri, AK Partiyanın Sakarya millət vəkili Çiğdəm Ərdoğan çıxış ediblər. Çıxışlarda üç ölkənin təcrübələri fonunda qadınların qərarvermə proseslərində iştirakı, bərabər imkanlar və beynəlxalq həmrəylik məsələləri dəyərləndirilib.

Sürəyya Ağaoğlunun irsi və Şərqin öncül qadınları

Panel iclasında Prof. Dr. Şule Şəfiqə Erçetin, vəkil Səma Aksoy, Betül Akman və Sanem Arıkan Sürəyya Ağaoğlunun açdığı yolun müasir qadınlar üçün əhəmiyyətindən danışıblar. Müzakirələrdə qadınların tarixi töhfələrinin tanıdılması, peşəkar maneələrin aradan qaldırılması və təcrübələrin gənc nəsillərə ötürülməsi önə çəkilib.

Tədbirdə Sürəyya Ağaoğlu Uşaq Dostları Dərnəyinin İdarə Heyətinin sədri Tofiq Kərəm Akyolun simpozium iştirakçılarına ünvanladığı təşəkkür müraciəti də oxunub.

Qadınların ədalət və sülh tələbi

25 Noyabr – Qadınlara qarşı Zorakılıqla Beynəlxalq Mübarizə Günü ərəfəsində təşkil olunan toplantıda müharibələrin, işğalın və məcburi köçkünlüyün qadınların həyatına təsirləri müzakirə olunub. Xocalıdan Kərkükə, Ankaradan Qəzzaya uzanan həmrəylik xətti üzərindən qadınların sülh quruculuğunda fəal iştirakının vacibliyi vurğulanıb.

Proqram çərçivəsində Sürəyya Ağaoğlunun həyatından bəhs edən qısametrajlı film nümayiş etdirilib və “Qarabağ • Kərkük • Ankara nəğmələri” adlı mini-konsert təqdim olunub.

Sonda simpoziumun təşkilinə verdiyi dəstəyə görə AK Partiyanın İğdır millət vəkili Cantürk Alagözə və tədbirə töhfə verən iştirakçılara təşəkkür edilib. Təşkilatçı qurumlar qadınlar arasında sərhədləri aşan dialoq və həmrəyliyi yeni layihələrlə davam etdirəcəklərini bildiriblər.