Deputat kiçik istehsalçıların satış probleminin həlli üçün dövlət proqramı təklif etdi

"Azərbaycanda kiçik sahibkarlıq subyektləri, ailə təsərrüfatları və yerli istehsalçılar müxtəlif istiqamətlərdə məhsul istehsalı ilə məşğuldurlar. Bununla belə, onların qarşılaşdığı başlıca çətinlik istehsal prosesindən daha çox hazır məhsulun satış bazarına çıxarılması ilə bağlıdır".

Bu fikirləri deputat Razi Nurullayev Milli Məclisdə 2027-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı kiçik istehsalçıların bazara çıxış imkanlarının genişləndirilməsi ilə bağlı çıxışında səsləndirib.

Fermerlərə toxum, gübrə və subsidiya, sahibkarlara isə güzəştli kreditlər təqdim olunsa da, məhsulun satışının təşkili əsasən istehsalçıların üzərinə düşür.

Kiçik istehsalçıların iri supermarket şəbəkələrində təmsil olunması, məhsullarını rəflərə yerləşdirməsi, qablaşdırması, sertifikatlaşdırması, saxlaması və daşınması üçün imkanlar yetərli deyil. Bu məhdudiyyətlər keyfiyyətli məhsulların belə satış bazarına çıxarılmasını çətinləşdirir.

Bu problemin iqtisadi siyasətin ayrıca istiqaməti kimi müəyyənləşdirilməsi və ilk növbədə dövlət satınalmalarında yerli kiçik sahibkarların iştirakına daha geniş şərait yaradılması təklif olunur.

Məktəb, xəstəxana, uşaq bağçası və digər dövlət müəssisələrinin satınalmalarının müvafiq hallarda daha kiçik partiyalar üzrə təşkili ailə təsərrüfatlarının və kiçik sahibkarların bu prosesdə iştirakını asanlaşdıra bilər.

Supermarket şəbəkələri ilə əməkdaşlıq zamanı kiçik istehsalçıların qarşılaşdığı əlavə ödənişlər, rəf xərcləri, müqavilə çətinlikləri və gecikən hesablaşmalar da diqqət tələb edən məsələlərdəndir.

Bu sahədə şəffaflığın artırılması, ödənişlərin vaxtında həyata keçirilməsi və yerli məhsullar üçün xüsusi satış bölmələrinin yaradılması vacib hesab olunur.

Sertifikatlaşdırma, laboratoriya yoxlamaları və qablaşdırma xidmətlərinin yüksək xərcləri də kiçik sahibkarların fəaliyyətini məhdudlaşdırır. Bu səbəbdən mikro və kiçik sahibkarlara həmin istiqamətlərdə dövlət dəstəyinin verilməsi, regionlarda ortaq istifadə üçün müvafiq mərkəzlərin yaradılması təklif olunur.

Kiçik istehsalçıların məhsullarını mağazalara, restoranlara və son istehlakçılara birbaşa təqdim edə bilməsi üçün rəqəmsal satış kanallarının inkişafı da vacib istiqamətlərdən biri kimi göstərilir.

Razi Nurullayev sadalanan tədbirlərin 2027-ci ildən başlayaraq “Yerli İstehsalçıya Bazar Dəstəyi Proqramı” adlı vahid dövlət proqramı çərçivəsində həyata keçirilməsini təklif edir.

Təklifə əsasən, mövcud aqrologistika infrastrukturu və soyuducu anbarlar proqramın fəaliyyətinə inteqrasiya edilməli, məhsulların saxlanması, qablaşdırılması və daşınması üçün güzəştli xidmətlər yaradılmalı, həm dövlət satınalmalarına, həm də böyük ticarət şəbəkələrinə çıxış imkanları genişləndirilməlidir.

İqtisadi inkişafın qiymətləndirilməsində yalnız iri müəssisələrin yaradılması və böyük investisiyaların həcminin əsas götürülməməli olduğu vurğulanır.

Ölkədə 40-50 min kiçik istehsalçının hər birinin orta hesabla 10 nəfəri işlə təmin etməsi 400-500 min potensial iş yerinin yaranması deməkdir.

Bu baxımdan kiçik istehsalçılığın dəstəklənməsi yeni məşğulluq imkanlarının yaradılması, regionlarda iqtisadi fəallığın yüksəldilməsi və ailələrin gəlirlərinin artırılması üçün mühüm amil kimi qiymətləndirilir.

Deputat proqramın maliyyələşdirilməsi üçün 2027-ci ilin, bu mümkün olmadıqda isə 2028-ci ilin dövlət büdcəsində ayrıca vəsait mexanizminin nəzərdə tutulmasını təklif edir.

Bununla yanaşı, icraçı qurumların müəyyənləşdirilməsi və konkret nəticə meyarlarının təsdiqlənməsini vacib sayır.

Həmçinin müvafiq dövlət qurumlarına proqramın hazırlanması və görülən işlərin nəticələri barədə Milli Məclisə məlumat təqdim edilməsi ilə bağlı tapşırıq verilməsi təklif olunur.

İqtisadi nəticələr qiymətləndirilərkən istehsal olunan məhsulun həcmi ilə yanaşı, satış göstəriciləri, istehsalçıların qazancı və yaradılan iş yerlərinin sayı da əsas meyarlar sırasında yer almalıdır.

Deputatın qənaətinə görə, kiçik sahibkarlara dəstək yalnız məhsul istehsalının stimullaşdırılması ilə məhdudlaşmamalı, onun satışını və istehlakçıya çatdırılmasını da əhatə etməlidir.

Pərvin Şakirqızı

Moderator.az / Redaktor