Bakı, 17 noyabr, AZƏRTAC Bu yaxınlarda Beynəlxalq Muğam Mərkəzində ABŞ-dən olan tanınmış musiqiçi, Amerika Muğam Cəmiyyətinin sədri, kamança, tar və ud ifaçısı, Azərbaycan musiqisinin təbliğatçısı və onun tarixinin tədqiqatçısı Ceffri Verbokun 75 illik yubileyi qeyd olunub. Ceffri, həmçinin Azərbaycan mədəniyyətini, adət-ənənələrini və tarixini öyrənir, qədim Azərbaycan xalçalarına maraq göstərir və Azərbaycan dilində sərbəst danışır. Son vaxtlar oğlu Cozef də onunla birlikdə çıxış etməyə başlayıb. Cozef də Azərbaycan musiqisinə maraq göstərir.AZƏRTAC-ın müxbiri Azərbaycanı sevən bu qeyri-adi amerikalı musiqiçi ilə söhbət edib. – Ceffri, bu dəfə Bakıya yubileyinizə həsr olunmuş konsertlə gəlmişdiniz. Tədbir necə keçdi?– Məncə, hər şey çox gözəl keçdi. Proqramı özüm hazırlamağım mənim üçün vacib idi. İstəmirdim ki, yubiley gecəsi uzun-uzadı çıxışlardan ibarət olsun. Adətən yubiley sahibi bir kənarda əyləşir, qonaqlar isə bir-bir səhnəyə çıxaraq onu təbrik edirlər. Mən elə əvvəldən bildirdim ki, belə olmayacaq.Uzun çıxışlar əvəzinə filmlərimi nümayiş etdirməyi qərara aldıq. Onlardan biri Şuşanın azad olunmasına həsr etdiyim “Şuşa sevgilim” filmidir.Əvvəlcə tədbiri Beynəlxalq Muğam Mərkəzində keçirməyin məqsədəuyğun olub-olmadığına bir qədər tərəddüd edirdim. Çünki oranın zalı çox böyükdür və dolmayacağından narahat idim. Mən Rəşid Behbudov adına Mahnı Teatrının daha kiçik, səmimi mühitini üstün tuturam. Orada təxminən 200 yer var, akustikası əladır və hətta mikrofonsuz da çıxış edə bilirəm. Lakin təşkilatçılar Muğam Mərkəzinin zalını dolduracaqlarına söz verdilər və sözlərinə əməl etdilər. Demək olar ki, boş yer qalmamışdı.Proqram çox gözəl alındı. Filmin nümayişi tamaşaçılarda güclü emosiyalar yaratdı: insanlar həm ağlayır, həm də alqışlayırdılar. – İlk dəfə deyil ki, Azərbaycandasınız. Ölkədə, paytaxtda sevdiyiniz məkanlar varmı?– Azərbaycana ilk dəfə 1989-cu ildə gəlmişəm. Həmin vaxt Dostluq Cəmiyyətindən olan tanışlarım məni Lahıca, Basqala və Şəkiyə apardılar. Möhtəşəm səyahət idi. O vaxtdan bəri çox şey dəyişib, bu gün ölkədə müasir hava limanı, yaxşı yollar var.Bakıda, əlbəttə ki, daha çox İçərişəhəri sevirəm. Qalmağa isə Yasamalı, Milli Konservatoriyaya yaxın yerləri üstün tuturam. Adətən orada mənzil kirayələyirəm. Bu rayonun ab-havası xoşuma gəlir. Mən oteldə deyil, mənzildə qalmağa üstünlük verirəm, çünki özüm yemək bişirməyi sevirəm və bunun üçün mətbəxə ehtiyacım var.Ümumilikdə Azərbaycandan danışsaq, hazırda ən çox sevdiyim yerlər Şuşa və Xankəndidir. May ayında keçirilən “Xarıbülbül” festivalından sonra Xankəndidə oldum. Orada kamança müəllimi Elşən Mansurovla görüşdüm. Öz filmimi nümayiş etdirdim, kamançada ifa etdim, universitetin tələbələri və əməkdaşları qarşısında çıxış etdim. Hətta musiqi məktəbinin rəhbəri bir gün Xankəndiyə köçərək orada öz muğam üslubumu tədris etməyimi təklif etdi. Bunu eşitmək mənə çox xoş oldu. – Bu yaxınlarda ABŞ-nin Nyu-York ştatındakı Kopeyk şəhərində yerləşən Kemphil yaşayış məntəqəsində xüsusi qayğıya ehtiyacı olan insanlar qarşısında çıxış etmisiniz. Onlar musiqinizi necə qarşıladılar? Ümumiyyətlə, belə konsertlərin təşkili nə dərəcədə vacibdir?– Məni xüsusilə insanların musiqini necə dinləməsi təsirləndirdi. Oğlum əvvəlcə bir qədər çaşqınlıq yaşadı, çünki həmin insanların çoxumuzdan fərqli göründüyünü müşahidə etmişdi. Lakin evə qayıdarkən mənə dedi: “Ata, başa düşdüm: onlar zahirən böyük insanlara bənzəyirlər, amma əslində uşaqdırlar”. O, onların səmimiyyətini və saflığını hiss etmişdi.Həyat yoldaşım da təəccüblənmişdi. Tədbirə gedərkən dinləyicilərin sakit oturub musiqini dinləyə biləcəklərinə şübhə edirdi. Çıxışdan sonra isə indiyədək gördüyü ən yaxşı auditoriyanın məhz bu insanlar olduğunu söylədi: onlar bir saat yarım sakit oturaraq musiqini böyük diqqətlə dinləmişdilər. Hətta bəziləri rəqs edirdi.Kemphillə bağlı şəxsi xatirəm də var. Uzun illər əvvəl yaxın dostumun ögey qardaşına baş çəkmək üçün tez-tez ora gedirdim. Bu səfərlər həyatımın mühüm bir hissəsinə çevrilmişdi. Buna görə də həmin yerə yenidən qayıtmaq məndə çox təsirli və nostalji hisslər oyatdı.Əminəm ki, mədəniyyət, musiqi, incəsənət və rəqslə tanışlıq insanlara müsbət təsir göstərə bilər. Xüsusi qayğıya ehtiyacı olan insanlar üçün özlərini rahat hiss edə və bacarıqlarını üzə çıxara biləcəkləri uyğun mühit yaratmaq vacibdir. Məncə, belə görüşlərin dəyəri də məhz bundadır. – Oğlunuz Cozef bu yaxınlarda sizinlə birlikdə çıxış etməyə başlayıb. Azərbaycan musiqisinə maraq onda necə başladı?– Əlbəttə ki, Cozef evdə ifa etdiklərimi eşidirdi, lakin uzun müddət musiqiyə, demək olar maraq göstərmirdi. Hər şey amerikalı musiqiçi Qabriel Marinin mənə zəng edərək Azərbaycan muğamını öyrətməyimi xahiş etməsindən sonra dəyişdi. O, artıq Şərqin müxtəlif musiqi ənənələrini öyrənirdi və muğamı da mənimsəmək istəyirdi.Qabriel gitara ilə ifa etməyi planlaşdırırdı. Buna görə də bir gitara aldım və ona dərs demək üçün bu alətdə muğamın necə ifa olunduğunu özüm öyrənməyə başladım. Elə bu vaxt səkkiz yaşlı oğlum gözlənilmədən dedi: “Mən də gitarada çalmaq istəyirəm!”Əvvəlcə ona artıq tanıdığı sadə melodiyaları öyrədirdim. Tədricən gitara çalmağa alışdı və özü məndən xahiş etdi: “Ata, mənə Azərbaycan musiqisini çalmağı öyrət”. Bu, onun öz təşəbbüsü idi. Bir neçə melodiya ilə başladıq və birlikdə duet ifa etməyə başladıq. Cozef öyrəndiklərini inanılmaz dərəcədə tez mənimsəyirdi. Adi gitara onun üçün böyük olduğundan korpusu kiçildilmiş bir neçə alət hazırladım. Oğlum isə xoşuna gələni seçdi.Sonralar bəstəkar Cövdət Hacıyevin yubileyinə həsr olunmuş Karnegi-Holl zalında konsert hazırlayan Pərvin Hacıyeva internetdə bizim birgə çıxışımızı görərək Cozefi Azərbaycan musiqisi ifa etməyə dəvət etdi. Solo çıxış üçün ona muğamı mənimsəmək lazım idi. Oğlum özü məndən bunu öyrətməyimi xahiş etdi və mən ona “Bayatı-Şiraz” dəsgahını öyrətməyə başladım. O, bunu tam mənimsədi.Karnegi-Holl zalındakı konsertdən əvvəl Cozefin səhnədə özünü necə hiss etdiyini yoxlamaq istədim. Əvvəlcə Pensilvaniya Universitetində birlikdə çıxış etdik, daha sonra isə ona təkbaşına ifa etməyi təklif etdim. O, səhnəyə tək çıxdı və “Bayatı-Şiraz” dəsgahını ifa etdi. Tamaşaçılar heyran qaldılar. Beləliklə, onun solo çıxışa hazır olduğunu anladım. – Sizi yenidən nə vaxt Azərbaycanda gözləyək? Bəlkə, Cozeflə birlikdə çıxış etməyi də planlaşdırırsınız?– Hələlik növbəti səfərimizin konkret tarixi müəyyənləşməyib. 2026-cı ildə artıq iki dəfə – may və oktyabr aylarında Azərbaycanda olmuşam. Buna görə də ilin sonunadək bir daha gəlməyi planlaşdırmamışam.Cozefin Azərbaycanda çıxış etməyinə gəlincə, hələlik bu barədə də konkret planımız yoxdur. Amma bizi burada görmək istəsələr, məmnuniyyətlə gələrik. Mən Azərbaycana gəlməyə həmişə hazıram. Bu ölkəni çox sevirəm....Məndən Azərbaycana qarşı bütün bu hissləri niyə bəslədiyimi soruşsanız, buna cavab verə bilmərəm. Bilmirəm. Əvvəllər insanlar daim buna bir izah tapmağa çalışırdılar. Deyirdilər: “Yəqin, əvvəlki həyatınızda azərbaycanlı olmusunuz”. Lakin mən təhsilli insanam və bu fikri kifayət qədər absurd hesab edirəm. Hərçənd, buna inananlar da çoxdur. Bilirsiniz, bu fikirdə mənim xoşuma gəlməyən nədir? Azərbaycana sevgimin belə izah edilməsini, həqiqətən də, xoşlamıram. Bu, mənim sevgimdir, öz hisslərimdir. İstəmirəm ki, kimsə bu hissləri guya məndən əvvəl yaşamış başqa bir insana aid etsin. Bunlar mənim hisslərimdir. Onları məndən almaq lazım deyil. “Yəqin, əvvəlki həyatınızda azərbaycanlı olmusunuz” deməyin. Yaxud hər şeyi genetika ilə izah etməyə çalışmayın: “Yəqin, türk kökləriniz var”. Hər şeyi genetika ilə əlaqələndirmək lazım deyil. Hətta insanın bu bölgədən uzaq bir əcdadı olsa belə, bunun onun hisslərinə nə aidiyyəti var?Ölkənizə, mədəniyyətinizə və xalqınıza olan sevgimi məndən almayın. Onu hansısa kənar səbəblə izah etməyə çalışmayın. Bu sevgi heç bir izah tələb etmir. Bu, mənim sevgimdir və mən onu olduğu kimi qoruyub saxlamaq istəyirəm. Müəllif – Anara Axundova