Azərbaycanda təhsil müddətinin 4 ildən 3-ə endirilməsi təklif edilir

"Yasamal rayonu əhali sıxlığına, eyni zamanda tələbə axınına görə paytaxtın ən dinamik rayonlarından biridir. Ali təhsil müəssisələrinin əksəriyyətinin “Elmlər Akademiyası” metro stansiyası ətrafında cəmləşməsi bu ərazidə dərs saatlarında ciddi sərnişin sıxlığına səbəb olur. Bu baxımdan, ərazidə avtobus marşrutlarının artırılması və ictimai nəqliyyat şəbəkəsinin genişləndirilməsi istiqamətində müvafiq tədbirlərin görülməsinə ehtiyac var".

Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deputat Göydəniz Qəhrəmanov deyib.

O bildirib ki, ölkəmizdə turizm sektoru sürətlə genişlənir və ildən-ilə turistlərin artması bu sahədə ixtisaslı kadrlara tələbatı artırır: "Təklif edirəm, turizm üzrə ali təhsil ocaqlarında təhsil müddəti 4 ildən 3 ilə endirilsin. Bu yanaşma gənclərin əmək bazarına daha tez inteqrasiya olunmasına və xidmət sektorunun ixtisaslı kadrlarla operativ təmin edilməsinə geniş imkan açacaq"./Unikal/