Dərsliklərdəki məzmun necə yoxlanılır?

Son günlər ümumi təhsil müəssisələrində istifadə olunan dərsliklərin məzmununun şagirdlərin yaş xüsusiyyətlərinə və psixoloji inkişaf səviyyəsinə uyğunluğu məsələsi müzakirələrə səbəb olub. Bəzi dərsliklərdə yer alan mövzuların, tapşırıqların və mətnlərin şagirdlərin yaş səviyyəsi baxımından nə dərəcədə uyğun olduğu ilə bağlı suallar yaranıb. Bu isə dərsliklərin hazırlanması, qiymətləndirilməsi və təsdiqlənməsi prosesində hansı meyarların əsas götürüldüyü, eləcə də mövcud nəzarət mexanizmlərinin nə dərəcədə effektiv olduğu məsələsini gündəmə gətirir.

Məsələ ilə bağlı Trend-in sorğusuna cavab olaraq Elm və Təhsil Nazirliyindən bildirilib ki, ümumi təhsil pilləsi üçün dərsliklərin hazırlanması Nazirlər Kabinetinin 2020-ci il 25 fevral tarixli 67 nömrəli Qərarı ilə təsdiq edilmiş "Ümumi təhsil müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin hazırlanması Qaydası"na əsasən həyata keçirilir. Bu məqsədlə Elm və Təhsil Nazirliyi tərəfindən ümumi təhsil müəssisələri üçün təkmilləşdirilməsi və ya yenidən hazırlanması zəruri olan dərsliklərin siyahısı müəyyən edilir və tərtibi bu sahədə təcrübəsi olan nəşriyyat-poliqrafiya müəssisələrinə sifariş edilir.

"Qaydaya əsasən, dərsliklərin hazırlanması zamanı materialların elmi etibarlılığı, dəqiqliyi, inkişafyönümlülüyü, dəyəryönümlülüyü, tərbiyəyönümlülüyü, təhsilalanların yaş xüsusiyyətlərinə uyğunluğu, pedaqoji və metodiki yanaşmaların qabaqcıl nəzəriyyələrə uyğunluğu, dizayn və quruluşun məntiqliyi, estetikliyi və müasirliyi, habelə "Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları"nın və Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğunluğu təmin edilməlidir.

Eyni zamanda, layihələr aidiyyəti dövlət qurumlarına, ali təhsil müəssisələrinə və elmi təşkilatlara müvafiq sahələr üzrə rəy və təkliflərin alınması məqsədilə təqdim edilir.

Sözügedən proses çərçivəsində təqdim edilmiş rəylər dərslikləri hazırlayan nəşriyyat-poliqrafiya müəssisələrinə təqdim olunur, müəllif heyəti ilə birlikdə təhlil olunur və həmin dərsliklər istifadəyə təqdim edilmədən öncə təkmilləşdirilir. Bu proses dərslik layihələri yuxarıdakı meyarlara cavab verənədək bir neçə dəfə təkrarlanır"

Elm və Təhsil Nazirliyi tərəfindən dərsliklərin tərtibi nəşriyyat-poliqrafiya müəssisələrinə sifariş edilməsi yolu ilə həyata keçirilir. Həmin müəssisələr tərəfindən hazırlanmış dərslik layihələrinin qiymətləndirilməsi məqsədilə nazirlik tərəfindən sahə üzrə ekspertlər cəlb olunur, həmçinin onların nəşrqabağı elmi-metodiki monitorinqi və ictimai müzakirəsi təşkil edilir.

Bununla belə, müşahidələr göstərir ki, dərslik layihələrinin ictimai müzakirəsi prosesində iştirakçılıq səviyyəsi arzuolunan həddə deyil və bu zaman müzakirə zamanı gözlənilən səmərə əldə olunmur"

Dərslik layihələrinin qiymətləndirilməsi zamanı fənn üzrə mütəxəssislər tərəfindən çoxsaylı rəy və təkliflər təqdim edildiyi halda, ictimaiyyətdən daxil olan rəylərin sayı olduqca azdır, hətta bir sıra dərsliklər üzrə isə ümumiyyətlə heç bir münasibət bildirilmir. Məsələn, "Azərbaycan tarixi 7" dərslik layihəsinin qiymətləndirilməsi zamanı fənn üzrə mütəxəssislər tərəfindən 1000-dən çox, ictimaiyyətdən isə cəmi 21 rəy və təklif təqdim edilmişdir. "Biologiya 9" dərslik layihəsi üzrə bu göstəricilər müvafiq olaraq fənn üzrə mütəxəssislərin 530-dan çox və ictimaiyyətin 3, "Riyaziyyat 7" dərslik layihəsi üzrə fənn üzrə mütəxəssislərin 300-dən çox və ictimaiyyətin 0, "Fizika 9" dərslik layihəsi üzrə isə fənn üzrə mütəxəssislərin 480-dən çox və ictimaiyyətin isə 0 rəy olmuşdur. Bu hal isə dərsliklərin geniş ictimai rəyə əsaslanaraq təkmilləşdirilməsi imkanlarını məhdudlaşdırır".