Alimlər Şimali Amerikada təxminən 13 milyon il əvvəl yaşamış qeyri-adi dəvə növünün qalıqlarını aşkarlayıblar.
“Vampyrocamelus welshi” (vampire dəvə) adlandırılan bu heyvan uzun ayaqları və təxminən 5 santimetr uzunluğunda əyri köpək dişləri ilə seçilib.
Tədqiqatçılar Nyu-Yorkdakı Amerika Təbiət Tarixi Muzeyində saxlanılan qədim dəvələrə aid minlərlə fosili araşdırarkən bu növün xüsusiyyətlərini müəyyən ediblər.
Alimlərin ehtimalına görə, iri köpək dişləri erkəklər arasında cütləşmə uğrunda mübarizədə və yırtıcılardan müdafiədə istifadə olunub.
Heyvanın uzun boynu və ayaqları isə hündür ağacların yarpaqları ilə qidalanmasına imkan verib.
Qeyd edək ki, ilk dəvələr təxminən 46 milyon il əvvəl Şimali Amerikada yaşayıb.
Həmin dövrdə qitədə müxtəlif ölçülü çoxsaylı dəvə növləri mövcud olub.