Məşhurları siçana, qurbağaya bənzətdilər – TikTok-da qəribə trend

"TikTok" sosial şəbəkəsində məşhurların xarici görünüşü ilə bağlı qeyri-adi trend yayılıb. Yeni nəzəriyyəyə əsasən, insanların üz cizgiləri iki əsas qrupa – siçan və qurbağa tipinə bölünür.

Xarici mediaya istinadən, Londonda fəaliyyət göstərən plastik cərrah Culian De Silva “Daily Mail” nəşrinə açıqlamasında bu yanaşmanın üzün forması və nisbətləri ilə bağlı olduğunu deyib.

Mütəxəssisin sözlərinə görə, üzün yeddi əsas forması var və onları şərti olaraq iki qrupa ayırmaq mümkündür.

Cərrahın izahına görə, siçan tipli üz quruluşuna malik insanlarda üz daha uzun və ensiz, çənə sivri, yanaq sümükləri isə hündür olur. Bu qrupa rombşəkilli, ürəkşəkilli və uzunsov üz formaları daxildir.

De Silva məşhur aktrisalar Meqan Foks, Skarlett Yohansson, Riz Uizerspun, eləcə də modellər Jizel Bündhen və Viktoriya Bekhemin bu tip üz quruluşuna malik olduğunu bildirib.

Qurbağa tipli üz quruluşu isə daha geniş üz, bir-birindən aralı yerləşən gözlər, nəzərəçarpan çənə xətti və geniş ağızla xarakterizə olunur. Cərrah bu qrupa Ancelina Coli, Keyt Moss, Kira Naytli və Devid Bekhemi aid edib. Onun sözlərinə görə, yumru, kvadrat və armudşəkilli üz formaları bu kateqoriyaya daxildir.

Maraqlıdır ki, müğənni Rihanna hər iki qrup arasında yer alır. Plastik cərrahın müşahidələrinə görə, qadınlar daha çox ensiz üz, hündür yanaq sümükləri və zərif çənə xətti əldə etmək istəyirlər. Kişilər isə əksinə, daha geniş və kvadrat çənə quruluşuna üstünlük verirlər.

De Silva bildirib ki, bu fərqlər estetik əməliyyatlara müraciət edən şəxslərin istəklərində də özünü göstərir. Mütəxəssis fərqli üz quruluşlarının bir-birini vizual olaraq tamamlamasına nümunə kimi Devid və Viktoriya Bekhemi göstərib. Onun fikrincə, Devid Bekhemin kvadrat və geniş üz quruluşu qurbağa tipinə, həyat yoldaşı Viktoriyanın ensiz və uzunsov üzü isə siçan tipinə uyğundur. Cərrah hesab edir ki, bu fərqlilik onların birlikdə çəkilən fotolarda ahəngdar görünməsinə kömək edir.

Bununla belə, mütəxəssis vurğulayıb ki, insanları belə qruplara bölmək onların gözəlliyini qiymətləndirmək demək deyil. Onun sözlərinə görə, vahid gözəllik standartı mövcud deyil. Müxtəlif üz formaları özünəməxsus cəlbediciliyə malikdir. De Silva əlavə edib ki, sosail şəbəkədə yayılan bu nəzəriyyə üz quruluşlarını müqayisə etmək üçün əyləncəli üsul olsa da, onu elmi cəhətdən təsdiqlənmiş universal gözəllik qaydası kimi qəbul etmək düzgün deyil.