Britaniyalı məhkəmə-tibbi ekspert Maykl Friman cinsi cinayətlərə görə məhkum edilmiş amerikalı maliyyəçi Ceffri Epşteynin öldürülmüş ola biləcəyini düşünür. Bu onun intihar etdiyi barədə rəsmi versiya ilə ziddiyyət təşkil edir.
Friman bu barədə BBC-yə müsahibəsində bildirib.
Ekspertin sözlərinə görə, o, Nyu-Yorkun məhkəmə-tibbi ekspertiza materiallarını araşdırıb və mümkün fiziki hücuma işarə edən əlamətlərə diqqət yetirib. Bunlara sol çiyin nahiyəsində dərin qan sızması, eləcə də üz nahiyəsinə zərbələr endirildiyini göstərə biləcək xəsarətlər daxildir.
O, Epşteynin fotoşəkillərində boynundakı ilgək izinin üstündə dırnaq cızıqlarına bənzər izlər aşkar edib. Frimanın fikrincə, bunlar boğulma zamanı qurbanın boynundakı ilgəyi çıxarmağa çalışmasının izləri ola bilər.
Ekspert ehtimal edir ki, Epşteyn əvvəlcə ilgəklə boğulub, daha sonra isə cəsədi həmin ilgəklə ikimərtəbəli çarpayıdan asılıb.
“Xəsarətlər və meyitin aşkar edildiyi şərait bir-birinə uyğun gəlmir. Deməli, yalnız bir izah qalır: ölüm qətl nəticəsində baş verib”, - Friman deyib.
Friman bu qənaətə Ceffrinin qardaşı Mark Epşteynin ona təqdim etdiyi məhkəmə-tibbi ekspertiza materialları və fotoşəkillər əsasında gəlib. Mark Epşteyn qardaşının öldürüldüyünü iddia edir.
Ekspert Epşteynin meyitinin ilgəkdən çıxarılmasından əvvəl çəkilmiş fotoşəklinin olmamasına diqqət çəkib. Onun sözlərinə görə, cəzaçəkmə müəssisəsində asılma nəticəsində baş verən ölüm hadisəsi araşdırılarkən belə bir fotoşəkil mütləq çəkilməli idi.
Frimanın qənaətləri 2019-cu ildə aparılmış rəsmi yarılmanın nəticələri ilə ziddiyyət təşkil edir. Həmin vaxt Nyu-Yorkun baş məhkəmə-tibbi eksperti Barbara Sampson Epşteynin ölümünü asılma yolu ilə intihar kimi qiymətləndirmişdi.
ABŞ Ədliyyə Nazirliyinin hesabatında da aşkar edilmiş xəsarətlərin boğularaq qətlə yetirilmədən daha çox asılma yolu ilə intihara uyğun gəldiyi qeyd olunmuşdu. Hesabata əsasən, Epşteyni asılmış vəziyyətdə aşkar edən mühafizəçi dərhal həmkarını köməyə çağırıb. Bundan sonra meyiti ilgəkdən çıxararaq reanimasiya tədbirlərinə başlayıblar.
Epşteyn 2008-ci ildə yetkinlik yaşına çatmamış qızı fahişəliyə cəlb etməyə görə məhkum edilmişdi. Həmin vaxt istintaqla əldə etdiyi razılaşma sayəsində ağır cəzadan yayınmışdı. 2019-cu ildə isə ona yetkinlik yaşına çatmamış qızların cinsi istismarı şəbəkəsinin təşkilində ittihamlar irəli sürülmüşdü. Həmin ilin avqustunda isə kamerasında ölü tapılmışdı.