"Hazırda baş məşqçi yox, sponsor axtarışına köklənmişik"

"Mingəçevir"in maliyyə çətinlikləri ilə üz-üzə qaldığından xəbərdarsız.

Bilindiyi kimi, bölgə təmsilçisinin futbolçuları maaş ala bilmədikləri üçün 7-ci turda “Şahdağ Qusar”la oyuna da çıxmadı. Bu səbəbdən qərb təmsilçisinə texniki məğlubiyyət verildi. Bu hal 2-ci dəfə təkrarlanarsa, komanda liqadan kənarlaşdırılacaq. Bununla belə, kollektiv noyabrın 13-də baş məşqçi Elman Sultanovla yollarını ayırdı.

Klub məşqçi axtarışlarına başlayıbmı? Ayrılıq xəbəri Elman bəylə məhdudlaşacaq, ya futbolçuların da komanda ilə vidalaşacağı gözlənilir? Bəs sponsor axarışları ilə bağlı yenilik varmı?

Bu suallarla "Mingəçevir"in mətbuat xidmətinin rəhbəri Elnur Qasımova müraciət etdik. Onun "Football-plus.az"a cavabı:

"Komandanı çərşənbə günü, yəni noyabrın 18-də məşqlərə başlayıb. Futbolçuları məşqçilər korpusunda yer alan Samir Məmmədov çalışdıracaq. Hazırda baş məşqçi yox, sponsor axtarışına köklənmişik. Hələ ki, bu yöndə yenilik yoxdu. Futbolçular heyətdədi, onların ayrılığı gözlənilmir".

Xatırladaq ki, "Mingəçevir" 1-ci liqanın 8-ci turunda "Baku Sportinq"i qəbul edəcək. Noyabrın 19-da keçiriləcək qarşılaşma saat 14.30-da start götürəcək.