Hörmətli cənab Prezident!
Azərbaycan radiosunun 100 illik yubileyi, televiziya və radio işçilərinin peşə bayramı münasibətilə məni "Tərəqqi" medalına layiq gördüyünüz üçün Sizə dərin minnətdarlığımı və ehtiramımı bildirirəm. İmzaladığınız Sərəncamla fəaliyyətimə verdiyiniz yüksək qiymət televiziya və radio işçisi olaraq vəzifəmin öhdəsindən daha yaxşı gəlməyə və işlərimdə daha da məsuliyyətli olmağa həvəs yaradır.
Hörmətli cənab Prezident, 35 ilə yaxındır ki, mən televiziyada operator vəzifəsində çalışıram. Bu illər ərzində Birinci Qarabağ müharibəsinin ən qaynar nöqtələrində çəkilişlər aparmışam və Ermənistanın təcavüzkarlığı, müharibə cinayətləri ilə bağlı lentə aldığım dəhşətli kadrları dünyaya çatdırmağa çalışmışam. Eləcə də dünyada baş verən münaqişələr, terror və digər hadisə yerlərindən operativ məlumatlar ötürmüşəm. Amma mənim çəkilişlərimin ən əvəzolunmaz hissəsi bizə bəxş etdiyiniz Qələbənin görüntüləri, azad olunmuş torpaqlarımıza qayıdan doğma sakinlərin sevinc görüntüləri oldu. Çünki mən bizi Zəfərə aparan 44 günlük Vətən müharibəsinin hər günündə informasiya səngərinin ən ön cəbhəsində olmuşam. İllərini mediaya həsr edən biri kimi deyə bilərəm ki, Sizin xalqa ünvanladığınız hər qələbə müjdəsi xəbərlərin ən alisidir.
Cənab Ali Baş Komandan, Sizin tərəfinizdən təltif olunmağım mənə yeni güc, stimul verir. Mən bir Azərbaycan vətəndaşı olaraq bundan sonra da Sizin siyasətinizi dəstəkləyəcək, dövlətimizin mənafeyini ömrümün sonuna qədər var gücümlə müdafiə edəcəyəm.
Böyük hörmət və ehtiramla,
Azər Qarayev,
REAL Təhlil İnformasiya Mərkəzinin əməkdaşı,
Azərbaycan Respublikası, Bakı şəhəri.